"Azərişıq" ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimi ilə işləyir.
Bu barədə unikal.org-a ASC-dən məlumat verilib.
Düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilməsinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kV Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib.
10 kV II Subartezian hava xəttində isə 16 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla əvəz olunub. 0.4 kV şəbəkədə aprel döyüşləri zamanı zədələnmiş naqillər dəyişdirilib, 9 ədəd 10/0.4 komplekt transformator məntəqəsində (KTM) təmir işləri aparılıb. Əhalini keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə tək Füzuli rayonunda 361 ədəd dayaq, 42000 metr naqil, 130 ədəd izolyator dəyişdirilib. Yeni SİP kabellərinin çəkilməsi enerji itkisinin qarşısını xeyli alıb. "Azərişıq" ASC tərəfindən Füzuli rayonunda 18 ədəd transformator məntəqəsi quraşdırılıb.
Cocuq Mərcanlı kəndinin azad edilməsi və burada həyatın yenidən bərpa olunması "Azərişıq" ASC-nin də qarşısına vəzifələr qoydu. Təcili olaraq Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq "Horadiz" yarımstansiyasından 8 300 metr məsafədə yüksək gərginlikli 35 kVt-luq ikidövrəli elektrik xətti çəkildi. Kənddə müasir standartlara cavab verən 35/10 kVt-luq yeni yarımstansiya inşa edilərək sakinlərin ixtiyarına verildi.
Bütün kənd boyu yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4 kV-luq şəbəkə yaradılıb. Kənd ərazisində bərpası nəzərdə tutulan yaşayış binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kV-luq 1 000 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi, həmçinin 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator quraşdırılıb. Ümumilikdə, "Cocuq Mərcanlı" yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək imkanına malikdir.