Unikal.org Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin APA-ya müsahibəsini təqdim edir:
- Sizin rəhbərlik etdiyiniz komitə tərəfindən hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun artıq qüvvəyə minib. Hazırda cəmiyyətdə əsas müzakirə mövzularından biri qanunun icra mexanizmidir. Bu barədə fikirlərinizi bilmək istərdik.
- İlk növbədə deyim ki, bu qanun artıq 2 ildir, komitədə və parlamentin kluarlarında müzakirə olunurdu. Qanunun üzərində isə 10 il əvvəldən işləməyə başlamışıq. İctimai rəyi öyrənirdik, qurumlarla işləyirdik və s. Qanunu tətbiqi ilə bağlı nə etmək lazımdır? Bu məsələdə maarifləndirmə ilk yerdə gəlir. İctimai yerlər, məsələn, şadlıq evləri siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunduğunu hər yerə yazıb yapışdırmalıdır. Yoxsa, görürsən, məclisdə oturub stolun arxasında siqaret çəkir. Bu tərbiyəsizlikdir. Təbliğat gücləndirilməlidir, maarifləndirmə işi güclü aparılmalıdır. İctimai yerdə, qadının yanında siqaret çəkmək mədəniyyətsizlikdir, tərbiyəsizlikdir! Bütün təşkilat və qurumlar qanunun icrasını həyata keçirməlidir. Qanun hər kəs qarşısında məsuliyyət yaradır. Maarifləndirmənin bir qolu da məktəblərdir. Məktəblərdə tütün əleyhinə təbliğat fotoları asılmalı, maarifləndirmə işi gücləndirilməlidir. İdarə və təşkilatlarda geniş iş aparılmalıdır. Vətəndaş məsuliyyəti hiss edilməlidir.
Təbliğat təfəkküründə də yenilik olmalıdır. Məsələn, yadınıza gəlirsə, bir vaxtlar "Marlboro siqaretini at üstündə kovboyun əzəmətli görünüşü ilə elə reklam edirdilər ki, sanki bu siqareti çəkmək əzəmətli olmaq deməkdir. Bax, bu cür yanlışlıqları birdəfəlik silib atmaq lazımdır. Məsələn, şəxsən mən yaxın ətrafımda kim siqaret çəkirsə, üzünə deyirəm ki, "Səndən siqaret iyi, pis iy gəlir, məndən uzaq dur. Onun bu əməlinin yanlış olduğunu açıq şəkildə üzünə deyirəm. Hər kəs belə etməli, bu zərərli vərdişə aludə olanları qınamalıdır.
- Maarifləndirmə tərəfindən danışdınız. Bəs qanundan irəli gələrək İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzaları kim tətbiq edəcək, cəzaların icrasına kim nəzarət edəcək ?
- Bizdə İnzibati Xətalar Məcəlləsinin bütün maddələrinin icra mexanizmi onsuz da var. Bu vəzifə, əsasən, hüquq-mühafizə orqanlarının, xüsusilə daxili işlər orqanlarının, müəyyən hallarda isə sanitariya-epidemioloji xidmətin üzərinə düşür. Məcəllənin digər maddələrinin icrasına nəzarət edən strukturlar buna da nəzarət edəcək. Məsələn, hansısa kafe və restoranda müvafiq maddələrin tələbləri pozulubsa, sahə müvəkkili buna nəzarət edəcək, cəriməsini tətbiq edəcək. Mübahisəli məqamlarda isə təbii ki, məhkəməyə müraciət oluna bilər. Burada əsas sıravi vətəndaş yox, müəssisənin, iaşə obyektinin rəhbəri məsuliyyət daşıyır. Qanunda yazılıb ki, ictimai yerdə siqaret çəkmək qadağandır. Qanunun pozuntusuna kim nəzarət edir? Təbii ki, polis. Daha da konkret desək, İnzibati Xətalar Məcəlləsinin icrasına kim nəzarət edirsə, bu qanunun tələblərinin icrasına da o nəzarət edəcək. Burada daha çox hüquqi şəxslərin məsuliyyətini əsas götürmüşük. Məsələn, şadlıq sarayında siqaret çəkilirsə, oranın sahibi buna görə məsuliyyət daşıyır. Ondan tələb olunacaq ki, niyə siqaret çəkənlər üçün xüsusi yer ayırmayıb, buna nəzarət etməyib və s.
- Bəzi ekspertlər iddia edir ki, bu qanunun tətbiqi ticarət dövriyyəsinin azalmasına, ümumilikdə iqtisadiyyata mənfi təsir göstərəcək...
- Təcrübə göstərir ki, bu, ticarət dövriyyəsinə çox cüzi təsir edir. Bilirsiniz ki, biz artıq siqaretin aksiz vergisini də qaldırmışıq. Amma bizim məqsədimiz bu deyil axı. Məqsədimiz odur ki, məsələn, bir var siqaret çəkən ölməsin, bir də var onun yanında tüstünün təsirinə məruz qalan ölməsin. Biz deyirik ki, ictimai yerlərdə siqaret çəkib digərlərinə də zərər vermək olmaz. Birinci məqsəd odur ki, insanlar siqaret çəkməsin, ikinci məqsəd isə - əslində bu, əsas məqsəddir - ətrafındakılar bundan zərər görməsin. Bundan başqa, Azərbaycanda siqaretin 70 faizi xaricdən gəlir, öz məhsulumuz deyil. Biz daxili məhsulumuzu da qorumalıyıq. Nəzərdə tutulmuş yerlərdə siqaret çəkənlər də qoy öz məhsulumuzdan istifadə etsinlər.
- Qanunun sona qədər tətbiq olunacağına dair şübhələr var. Hətta ictimai yerlərdə tütündən və qəlyandan istifadənin müxtəlif yolla davam edəcəyi düşünülür...
- Bunu da nəzərə almışıq. Əgər qanunun tətbiqində, tətbiqinə nəzarətdə nöqsanlar meydana çıxarsa, qanuna yenidən qayıdacağıq, bəzi sərtləşdirici, o cümlədən başqa elementlər əlavə edəcəyik. Ümumiyyətlə, bu məsələ insanların özündən, öz sağlamlıqlarına münasibətinin yüksək olmasından asılıdır. Görürsünüz ki, başqa millətlər ictimai yerlərdə, təyyarələrdə siqaret çəkmir. Bizim onlardan nəyimiz əskikdir? Mətbuat da bu işdə aktiv olmalıdır. Siqaretin qadağan edilməsinin zəruriliyi mütəmadi təbliğ edilməli, siqaretin yaratdığı problemlər qabardılmalıdır. Siqaret əleyhinə məktəblərdə kampaniyalar aparılmalıdır. Təhsil müəssisələrdə psixoloq ştatı var, onlar şagirdlərlə ünsiyyətdə bu məsələni önə çəkməli, siqaretin zərərlərini əks etdirən lövhələrdən, əyani vəsaitlərdən istifadə olunmalıdır. Bütün qurumlar buna görə məsuliyyət daşıyır. Nazirlər Kabinetində cəmləşən qurumlar onsuz da əlaqəli formada çalışır, bu məsələdə də eyni əlaqəli şəkildə fəaliyyət nümayiş etdirməlidir. Mətbuat siqaret, sulu qəlyan istifadə olunan müəssisə və təşkilatları, iaşə obyektlərini ifşa etməlidir.