"Azərbaycan" qəzeti ölkədə yeni ildən avtomobillərə gömrük rüsumunun artmasına və köhnə avtomobillərin istifadəsinə dair tənqidi material dərc edib.
Unikal.org həmin məqaləni oxuculara təqdim edir:
"Henri Fordun sözüdür: "Ən yaxşı avtomobil təzə avtomobildir. Henri Ford isə avtomobil sənayesi tarixində sıradan bir adam deyil. O, hələ ötən əsrin əvvəlində, daha dəqiq desək, 1903-cü ildə nəinki yaşayıb işlədiyi ABŞ-da, eləcə də dünyada konveyer üsulu ilə ilk avtomobil istehsal etmiş zavodun qurucusu və sahibi idi. Elə təkcə bu fakt kifayətdir ki, üstündən onilliklər keçsə də, onun təzə avtomobilə verdiyi qiymətin obyektivliyinə heç kimdə şübhə qalmasın.
Əslində, o zamandan keçən dövr ərzində dünya avtomobil sənayesində sürətli sıçrayışlarla müşayiət edilən ağlagəlməz yeniliklər baş verməsinə baxmayaraq, Henri Fordun "seçim düsturuna şübhə yeri qoyacaq elə bir ciddi əsas da yoxdur. Həqiqətən, bu gün də təkcə peşəkar və həvəskar avtomobil sürücüləri yox, həmçinin ətrafdakılar yaxşı bilirlər ki, təzə maşının yeri tamam başqadır. İnanmırıq ki, avtomobildən istər hərəkət vasitəsi, istər dolanışıq mənbəyi, istərsə də sadəcə sərnişin kimi istifadə edən kimsənin ürəyindən təzə maşın keçməsin. Bu istək, arzu isə göydən düşməyib, illərin müşahidəsindən, sınağından, təcrübəsindən doğulub. Amma bu sətirləri qələmə almaqda məqsədimiz heç də hamının bildiyi həqiqətdən bəhs etmək deyil.
İlk baxışdan böyük-kiçikliyindən asılı olmayaraq bütün yaşayış məntəqələrimizdə, xüsusən paytaxtda maşın-maşının az qala belinə çıxsa da, Azərbaycanı avtomobilləşmiş ölkə saymaq hələ tezdir. Düzdür, keçmiş ittifaqdakı kimi, indi avtomobilə sahib olmaq elə də əlçatmaz arzu deyil. Əlini başına yığıb, nədənsə kəsmək, nəyə isə qənaət etməklə köhnə bir maşın almaq olur. Amma hətta belə şəraitdə də bu gün ölkəmizdə orta hesabla təxminən hər 10 nəfərə 1 minik avtomobili düşür. Müqayisə üçün bildirək ki, avtomobilləşmiş sayılan ölkələrdə bu rəqəm bir neçə dəfə yüksəkdir. Qətiyyən müstəqilliyinin bərpasından cəmi 26 il keçən Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə etmək fikrimiz yoxdur. Bu, təkcə səhv yox, həm də ədalətsizlik olardı. Odur ki, bu məqaləni yazmaqda istəyimiz heç də həmin səhv və ədalətsiz müqayisədən çıxış edib nəticə çıxarmaq deyil.
Bir dostumuz var. Yazı-pozu adamıdır, üstəlik alimdir, özünün dili ilə desək, fəlsəfə doktorudur. Lakin yaşadığı 65 ildə malik olduğu təkcə bu deyil: köhnə bir "Jiqulisi də var. Niyə indiyəcən dəyişmədiyini soruşanda deyir ki, əvvəl marağı olmayıb, indi isə imkanı yoxdur: "Qardaş, bu gün təzə maşına yaxın durulasıdır ki?! Köhnəni də satıb köhnə almağa isə dəyməz. Ancaq bu məsələyə toxunmaqda niyyətimiz dostumuzun timsalında onun kimilərinin maşın sarıdan hallarına acımaq da deyil.
Elə isə adamdan soruşarlar ki, bəs, məqsəd, niyyət, istək nədir axı, "Mustafa əvəzinə "mus-mus deyirsən? Cavab veririk: əslində, "mus-musumuzun demək istədiyimiz "Mustafaya, yəni mövzumuza dolayısı ilə aidiyyəti var. Əks halda, "kəkələməzdik ki... İndi isə keçirik əsas mətləbə.
Uzaq Kuba dünyada təkcə "azadlıq adası, ekzotik təbiətə və temperamentli xalqa malik ölkə kimi tanınmır. Kuba dünyanın həm də ən köhnə avtomobil parkı olan ölkə kimi məşhurdur. Özü də bu, heç də ona başucalığı gətirən məşhurluq deyil. Çünki bu gün Kubada istismar olunan köhnə maşınların həvəskar kolleksiyaçılar tərəfindən yüksək qiymətə alınan retro avtomobillərinə heç bir dəxli yoxdur. Sadəcə, ölkənin mövcud qanunları, maddi durumu və kubalıların bu səbəblər üzündən alıcılıq qabiliyyətlərinin aşağı olması onlara ötən əsrin 50-ci, 60-cı, ən yaxşı halda 70-ci illərinin avtomobillərindən artığını almağa imkan vermir.
Yəqin fikirləşəcəksiniz ki, mətləbdən yenə uzaqlaşdıq. Amma elə deyil. Bunu sübut etmək üçün mövzumuza aid bir neçə fakta müraciət edəcəyik. Təbii ki, bu dəfə Azərbaycanın avtomobil parkı barədə. Deməli, 2016-cı ilə (2017-ci ilin məlumatları hələ açıqlanmayıb. Lakin rəqəmlərin keyfiyyətcə müsbətə doğru dəyişmək ehtimalının olmaması səbəbindən bunun toxunduğumuz problemin aktuallığını azaltmayacağına əminik) olan rəsmi məlumata görə, ölkəmizdə 1,1 milyon minik, 141,5 min yük, 11,5 min xüsusi təyinatlı avtomobil və 31 min avtobus var. Bu rəqəmləri Dövlət Statistika Komitəsinin istinad etdiyimiz saytındakı 2013, 2014, 2015-ci illərə aid məlumatlarla müqayisə etdikdə xüsusi təyinatlı maşınlar istisna olmaqla qalan növ avtomobillərin az da olsa, sayca artımını görmək mümkündür. Məsələn, əksəriyyət üçün daha çox maraqlı olan minik avtomobillərinin sayı 2013-cü ildən cari ilin əvvəlinəcən olan müddətdə 84,1 min ədəd artmışdır. Bu dövrdə artım yük avtomobilləri üzrə 8 min, avtobuslar üzrə 624 ədəd olmuşdur. Xüsusi təyinatlı avtomobillərin sayı isə təxminən 2200 ədəd azalmışdır.
Təəssüf ki, azalan təkcə belə maşınların sayı deyil. Ölkədə istismar edilən ili təzə avtomobillərin sayı da azalır, özü də sürətlə və hər növ avtomobillər üzrə. Yenə də rəsmi statistikaya müraciət edək: elə həmin mənbədən öyrənirik ki, ölkəmizdəki minik avtomobillərindən 757,6 mininin (!) yaşı 10 ildən yuxarıdır. Hər gün xidmətlərindən istifadə etdiyimiz avtobuslar, yük avtomobilləri arasında isə köhnələri daha çoxdur. İndi bildinizmi belə getsə bizi kubalılara oxşadan nə ola bilər?! Axı, ölkənin avtoparkının əsas hissəsini təşkil edən minik maşınlarının təxminən 70, avtobusların 74, yük avtomobillərinin 78 faizinin istehsal tarixinin 10 ildən artıq olması adi problem deyil. Bunun fəsadlarını təsəvvür edirsinizmi? Nəzərə alsaq ki, 10-dan sonra yalnız 11-15 yox, həm də 20-25, hətta 30 rəqəmləri gəlir, onları təsəvvür etmək çətin deyil.
Niyə də olmalıdır?! Hər gün gördüyümüz, eşitdiyimiz, oxuduğumuz bəs nədir? Təkcə bu yaxınlarda bir həftə ərzində baş vermiş avtoqəzalarda 30-dan çox adam həlak olmuşdur. Aylıq, illik statistikanın isə xatırladıb qan qaraltmaq istəmirik. Lakin istəməsək də, bu cür qara xəbərlərin ardı-arası kəsilmir. Nə sürücülər ipə-sapa yığılıb yol hərəkəti qaydalarına əməl edirlər, nə də piyadalar həyatları ilə oynamağa son qoyurlar. Amma bir az dərinə gedib hadisələri təhlil edəndə görürsən ki, insan ölümü ilə nəticələnən qəzaların səbəbi təkcə sürücü və piyada məsuliyyətsizliyi olmur. Bu faciələrin baiskarları həm də köhnə avtomobillərdir. O avtomobillər ki, istismar müddətləri çoxdan bitmişdir və onlardan istifadə hər an faciə ilə üzləşmək ehtimalı deməkdir. Bu baxımdan, Azərbaycanı Avropa və Asiyanın maşın qəbiristanlığına bənzədən köhnə maşınlar bir yana, indiyəcən hətta keçmiş sovetin "Jiqulisindən istifadə etmək risk deyil, bəs nədir?
Hələ onların hər il mühafizəsi üçün dövlət büdcəsindən milyon manatlarla vəsait ayrılan ekologiyaya vurduğu ziyanı demirik. Belə avtomobillərin nə qədər başına-ayağına keçsən də, onlar nəinki bu gün Azərbaycanda tətbiq edilən "avro-4ə, heç olmayan "avro-0a da cavab verəsi deyil. Qayda qəbul etməklə deyil ki, onun işləməsi haqqında da fikirləşmək lazımdır. Fikirləşməyəndə ölkədəki bugünkü vəziyyət yaranır - əcnəbilər "avro-6ya keçir, biz hələ "avro-2nin ətrafında vurnuxuruq, o da 25-30 faizlə.
Faiz demişkən. Məsələ bundadır ki, Azərbaycanın avtoparkının köhnəlmə faizi manatın devalvasiyasından sonra sürətlənmişdir. Səbəbi məlumdur: idxal edilən avtomobillər dollar, yaxud avro ilə alındığından onların ölkə daxilində manatla satış qiymətləri birdən-birə iki dəfə bahalaşmışdır. Üstəlik, devalvasiya həm də əhalinin pul gəlirlərini bir o qədər azaltmış və beləliklə, təzə avtomobillərin yeni qiymətləri böyük əksəriyyət üçün əlçatmaz olmuşdur. Belə halda köhnə maşınlardan istifadə etməyə məcbur olanları necə qınayasan?!
Çox təəssüf ki, bu cür vəziyyət statistikadan da göründüyü kimi, getdikcə daha kəskin xarakter alır. Halbuki bu sahəyə cavabdeh qurumlar, məsələn, milli valyuta cəhətdən bizim taleyimizi yaşayan qonşu Rusiyadakı kimi tədbirlər görsəydi, devalvasiyanın ölkənin avtoparkına vurduğu ziyanın fəsadları bu səviyyəyə çatmazdı. Yəni, əhalidən istismara yararsız köhnə avtomobilləri pulsuz alıb əvəzində sahibinə güzəştli şərtlərlə yeni maşın almaq imkanı yaratmaq olardı. Bunun üçün isə heç bir əlavə vəsaitə də ehtiyac yox idi. Sadəcə, yeni maşınların idxal rüsumlarını və bankların kredit faizlərini aşağı salmaq kifayət edərdi ki, qiymətləri indiki kimi "ceyran belində yox, ən azından orta təbəqə üçün əlçatan olsun. Bu, misal çəkdiyimiz Rusiyanın təcrübəsidir və məhz həmin hesaba şimal qonşumuz 2 ildir Avropada ən çox yeni avtomobil satılan ölkədir. Qəribə təzaddır - milli valyutaları bizim manat kimi devalvasiyaya uğramış Rusiyanın avtomobil parkı təzələnir, bizimki isə köhnəlir. Bu azmış kimi, cari ildən ölkəyə idxal olunan avtomobillərin gömrük rüsumlarının artırılmasına qərar verilib. Deməli, avtomobil parkımızın daha da "qocalacağı qaçılmazdır.
Qocalıqsa, elə həmin rusların məsələsi olmasın, heç də bəxtəvərlik deyil. Xüsusən də dünyada avtomobil sənayesinin sürətlə inkişaf etdiyi və bu zaman iki əsas şərtin - təhlükəsizliyin təminatı və ekologiyanın mühafizəsinin əsas götürüldüyü indiki vaxtda avtoparkın "qocalığı qətiyyən qəbulolunmazdır. Necə qəbul oluna bilər ki, istehsalçılar bu gün ən müasir, ətraf mühitə ən az ziyan vuran daxiliyanma mühərriklərindən belə, imtina edib kütləvi surətdə elektro və robot avtomobillərə keçmək barədə qərar verməyə hazırlaşırlar. Azərbaycanın isə müasir yollarında şütüyən maşınlarının 70 faizinin yaşı ən yaxşı halda 15-20 ildir. Necə qəbul oluna bilər ki, Azərbaycan dövləti insan amilini və ekologiyanın qorunmasını özünün prioritet fəaliyyət istiqamətləri elan edib, müvafiq icra qurumları isə birbaşa bu sahələrə aidiyyəti olan ölkənin avtoparkının yaşına məhəl qoymurlar. Qoysaydılar, ölkəyə idxal olunan və az qala yarıdan çoxunun bağlandığı salonlarda satılan yeni avtomobillərin sayının kəskin azaldığının fərqinə varıb dövlətin siyasətinə uyğun hərəkət edərdilər. Amma gec deyil, ziyanın yarısından da qayıtmaq xeyirdir. Heç bir halda gözləmək olmaz ki, uzaq adadan gələn "qara duman başımızın üstünü alsın".