Azərbaycanın cənub-qərb magistral avtomobil yolunun (M6) tərkib hissəsinə aid olan Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 km-lik (113-177) hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşdırılıb.
Agentlikdən unikal.org-a verilən məlumata görə, Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib - I hissə 113-138 km arası məsafəni, II hissə isə 138-177 km məsafəni əhatə edir.
Yenidənqurma işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, daha sonra yol yatağı və yol əsası inşa edilib. Torpaq işləri bitəndən sonra yolun asfaltlanması işlərinə başlanılıb. Ümumilikdə yolun 500 min kvadratmetrdən çox hissəsinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənib.
III texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun hərəkət hissələrinin hər birinin eni 4 metr, çiyinlərin 2 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir.
Bundan başqa, yenidən qurulan yolun üzərində yerləşən 9 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin əsaslı şəkildə təmiri də yekunlaşdırılıb. Təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin yol boyu rahat və maneəsiz hərəkətini təmin edib.
Layihəyə uyğun olaraq yol boyu 38 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib və 30 ədəd avtobus dayanacağı quraşdırılıb. Hərəkətin normal təşkili üçün yol boyu 2 710 ədəd siqnal dirəkləri, 515 ədəd yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib.
Qeyd edək ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür. Magistral yolun 64 km-lik hissəsinin yenidən qurulması ilə artıq Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yol boyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub yük və sərnişin daşıması asanlaşıb.