Keçən il Naxçıvanda qeydə alınan cinayətlərin hamısı açılıb
Keçən il 24 cinayət faktı qeydə alınıb ki, bu da, 2016-cı illə müqayisədə 5 fakt azdır.

Unikal.org-un məlumatına görə, bunu bu gün Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyi Kollegiyası iclasında Naxçıvan MR daxili işlər naziri Fazil Ələkbərov bildirib.

F. Ələkbərov deyib ki, cinayətlərin açılması isə 100 faiz təşkil edib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində görülmüş tədbirlər nəticəsində 56.097 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Hesabat dövründə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində hadisələrin qarşısının alınması məqsədilə texniki sistemlərin tətbiqinə geniş yer verilib, davamlı şəkildə profilaktiki tədbirlər həyata keçirilib. Ötən illə müqayisədə qəzaların sayı 7 fakt azalıb. Həmçinin avtomobillərin texniki vəziyyətinə xüsusi fikir verilərək xeyli sayda nasaz avtomaşının istismarına qadağa qoyulub, aşkar olunan 23 min 174 yol hərəkəti əleyhinə olan inzibati xəta üzrə qanunauyğun tədbirlər görülüb.

Fazil Ələkbərov əhalidə qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən tədbirləri də diqqətə çatdıraraq bildirib ki, ötən il vətəndaşlar tərəfindən 120 ədəd silah, xeyli sayda döyüş sursatı və hərbi ləvazimat könüllü olaraq polis orqanlarına təhvil verilib. Elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması, həmçinin təbiəti mühafizə istiqamətində də tədbirlər davam etdirilib. Həyata keçirilən tədbirlər nəticəsində 229 fakt aşkarlanıb və həmin faktlar üzrə 16 min 300 manat məbləğində cərimə tətbiq olunub.