Yaxın vaxtlarda Bakıda daha 3-4 Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması nəzərdə tutulur.
Unikal.org xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" (NİİM) MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri-mətbuat katibi Rauf Mirqulamov bildirib.
NİİM rəsmisinin sözlərinə görə, Bakı şəhərində sərnişindaşıma sahəsində ictimai nəqliyyatın optimallaşdırılması məqsədilə BNA tərəfindən innovativ tədbirlərin həyata keçirilməsi müntəzəm olaraq davam etdiriləcək: "Gələcəkdə həm mövcud, həm də yeni NMM-lərdə təkmilləşdirmə işləri aparılacaq. Müvafiq yol nişanları vurulacaq, perronlar arasında arakəsmələr olacaq. Hələlik pilot layihə olduğu üçün bir müddət necə səmərə verəcəyini müşahidə edəcəyik. İlkin olaraq hələlik metronun "Koroğlu" stansiyasının bir çıxışında yaradılıb. Növbəti mərhələdə daha bir NMM həmin stansiyanın digər çıxışına yaxın ərazidə yaradılacaq. Bundan əlavə, daha bir Mübadilə Mərkəzinin Qara Qarayev prospektində, metronun "28 May" stansiyası və Beynəlxalq Avtovağzalın yaxınlığında yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, gələcəkdə avtobusların xaotik və sıx hərəkətinin müşahidə edildiyi ərazilərdə belə mərkəzlərin yaradılması istisna edilmir. Yəni bu problem yaxın gələcəkdə, lakin mərhələli şəkildə öz həllini tapacaq".
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə 30 aprel 2016-cı il tarixində metronun "Koroğlu" stansiyası ətrafında və Heydər Əliyev prospektinin girişində nəqliyyat sıxlığının aradan qaldırılması, sərnişinlərin rahat şəkildə avtobuslara minib-düşməsi və gələcəkdə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və ya azaldılması, taksi, avtobus və digər nəqliyyat növlərinin bir-birinin hərəkətinə mane olmadan hər biri üçün nəzərdə tutulan müvafiq yerlərdə saxlanmasının təşkili məqsədilə pilot layihə qismində yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb.
BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, layihənin əsas məqsədi həm də yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsindən sərnişinlərin istifadə etməsinin qarşısını almaq, dünyanın qabaqcıl ölkələrində mövcud nümunə əsasında nəqliyyat qovşaqlarında sərnişinlərin təhlükəsizliyi və nəqliyyat vasitələrinin hərəkətinə mane olmaması baxımından onlar üçün nəzərdə tutulan səkilərdən istifadəni təmin etməkdir: "Pilot layihə ilkin şəkildə cəmiyyətdə piyada və sürücü mədəniyyətinin və standart davranış qaydalarının formalaşdırılmasına hesablanıb. "Metronun "Koroğlu" stansiyası ətrafında avtobusların qoşa xətti keçərək Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə gedən yolötürücüsünün üzərindən hərəkət etmələri həmin istiqamətdə nəqliyyatın hərəkətində səhər və axşam pik saatlarda uzun sürən tıxacla müşayiət olunurdu. Yeni istifadəyə verilən Nəqliyyat Mübadilə Mərkəzi həmin problemin əsaslı şəkildə həllinə də gətirib çıxarmış oldu. Həmçinin, Qara Qarayev prospekti istiqamətində yaranan sıxlığı aradan qaldırmaq məqsədilə 30 aprel tarixindən etibarən 160, 171, 172, 189 və 136 saylı marşrut xətlərinin son dayanacağı metronun "Qara Qarayev" stansiyasının önü deyil, məhz "Koroğlu" stansiyası ətrafında yeni yaradılan Nəqliyyatın Mübadilə Mərkəzi müəyyən edilib".
O, həmçinin qeyd edib ki, BMM-də "BakuBus" MMC-yə məxsus 1 saylı marşrut xəttinin son dayanacağının olmasını nəzərə alaraq sərnişinlər üçün daha bir yenilik edilib: "Artıq sərnişinlər NMM-in 1 saylı marşrut xətti üçün nəzərdə tutulan dayanacağı önündəki turniketlərdən keçərkən metroda olduğu kimi ödəməni edib, avtobusun salonuna rahat şəkildə, sıxlıq yaratmadan daxil ola bilirlər. Kartında müvafiq məbləğ olmayan hər bir sərnişin elə turniketin yanındaca quraşdırılan Bakı Kart və MilliÖn ödəmə terminalları vasitəsilə balanslarını artıra biləcəklər.
Əlavə edək ki, ilk NMM-də 23 marşrut xətti üzrə hərəkət edən avtobusların xidmətindən istifadə edilməsi nəzərdə tutulub.