Kanada polisi dekabrın 15-də Torontodakı malikanələrinin zirzəmisində cəsədləri aşkarlanan "Apotex əczaçılıq kompaniyasının banisi milyarder Bernard Şermanın və onun həyat yoldaşı Haninin qətlə yetirildiyi qənaətinə gəlib.

Unikal.org azertac-a istinadən xəbər verir ki, müstəntiqlər Şerman ailəsinin evində 6 həftə ərzində topladığı dəlillərdən sonra belə nəticə çıxarıblar. Polisin nümayəndəsi Süzen Qomes hüquq-mühafizə orqanlarının cinayətə aidiyyəti ola biləcək şəxslərin "geniş siyahısını hazırladıqlarını bildirib. Ümumilikdə isə cinayət işi ilə əlaqədar 130 şahid ifadəsi alınıb.

Xatırladaq ki, dekabrın 16-da Şerman və həyat yoldaşı Toronto şəhərindəki evlərinin zirzəmisində ölmüş vəziyyətdə tapılıb. Hadisə yerinə ilkin baxış zamanı evə zorla daxilolma izlərinə rast gəlinməsə də, polis "Apotex əczaçılıq kompaniyasının banisinin ölümündə şübhəli məqamlar olduğunu bildirmişdi. Onların boğazlarına dolanmış kəmər məhəccərə bağlanmış vəziyyətdə olub.

Bernard Şermanın 75, həyat yoldaşının isə 70 yaşı vardı. Şermanın 1974-cü ildə əsasını qoyduğu "Apotex korporasiyasının məhsulları dünyanın 115 ölkəsinə ixrac edilir. Kanadanın ən varlı insanları arasında 15-ci yerdə qərarlaşan Şermanın varidatı üç milyard dollardan çox qiymətləndirilir. Kompaniyanın əməkdaşları onu ölkə və cəmiyyət üçün çox işlər görmüş gözəl insan kimi səciyyələndirirlər.

Həmçinin milyarder bir neçə məhkəmə çəkişməsinin iştirakçısı olub. Əmisi oğlanları əczaçılıq müəssisəsinin satın alınması zamanı sazişə əməl etmədiyi üçün onu məhkəməyə veriblər. Məhkəmə Şermanın lehinə qərar çıxarsa da, iddiaçılar apelyasiyaya müraciət edib. Həmçinin Şermanın Baş nazir Castin Trüdonun partiyası üçün təşkil etdiyi vəsait toplama kampaniyası faktı üzrə də araşdırma aparılırdı.