Bu gün "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində "şou-biznes mövzusu müzakirə olunub.
Unikal.org xəbər verir ki, verilişdə qonaq qismində qatılan tanınmış jurnalist Seymur Verdizadə mövzuya çox sərt münasibət bildirib.
O deyib ki, Azərbaycanda bu sektorda "bir balaca problem var:
"Şou-biznes sözünün mənası göstərməkdir. Amma bizdə isə bu sözdən başqa cür istifadə edirlər. Şou-biznes sektorunu inkişaf etdirmək üçün mütləq sənətdə göstərmək vacibdir. Amma bizdə sənəti olmayanlar əndamlarını göstərirlər. Bax, buna görə də, bizim şou-biznesdə bir balaca problem var. Bu sahəni inkişaf etdirmək, ordakı daşları yerbəyer etmək üçün mütləq arada sənət də göstərmək lazımdır.
Jurnalist seriallarda aktyor əvəvzinə oynayan müğənnilərdən də söz açıb:
"Rejissorlarımız hesab edirlər ki, bu gün müğənnilər peşəkar aktyorlardan daha çox tanınırlar. Amma tanınmış adam olmaq hələ sevilən şəxs olmaq deyil. Elə müğənnilər var ki, biz televiziyada kanalı dəyişmək məcburiyətində qalırıq. Mən Qarabağ bölgəsində anadan olmuşam. Amma səsim yoxdur. Mütləq Qarabağlı olduğum üçün oxumalıyammı? Xeyr. Bu gün mən Qarabağlı olduğuma görə əlimə mikrafon alıb oxuya bilmərəm axı! Səs sonradan qazanılan vərdiş deyil. Allah mənə gözəl səs qismət etmədiyi üçün əlimə mikrafon deyil, kitab alıb oxuyuram. Xahiş edirəm ki, səsi olmayan "müğənnilər oxumasın, xalqın musiqi zövqünü korlamasınlar. Bundan sonra da səsi olan müğənnilərə uğurlar arzulayıb, olmayanları da qamçılayacam.
Qeyd edək ki, mövzu ilə bağlı verilişin digər qonaqları münasibət bildiriblər. Orta məxrəcə gəlinib ki, Azərbaycanda şou-biznes sektoru tam formalaşmayıb, səsi olan müğənnilər isə hər zaman xalqın gözündə ucalacaqlar.