Bakıda istismar müddətini başa vurub qəzalı vəziyyətə düşmüş binaların sökülməsi və yerində yeni çoxmərtəbəli binaların tikilməsini nəzərdə tutan "pilot layihə proqramı çərçivəsində daha bir qədim bina sökülür. 

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, Nəsimi rayonu, Şamil Əzizbəyov və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən, 1895-ci ildə tikilmiş arxitekturalı binanı sökən "Yeni ailə MMC adlı tikinti şirkətidir.

Sakinlərin əksəriyyəti kirayə mənzillərə köçürüldüyündən bina hazırda boşdur. Bina sakinlərindən ancaq birini orada görə bildik, o da qalan əşyalarını toplamaq üçün gəlmişdi.

Binanın üzərində onun 1895-ci ildə inşa olunduğu yazılıb, amma deyilənlərə görə tarixi daha qədimdir. Adını söyləmək istəməyən həmsöhbətimiz sənədlərdə binanın 1875-ci ildə tikildiyinin yazıldığını deyir. Lakin uzun illər baxımsız qaldığından bina qəzalı vəziyyətə düşüb. Əslində belə məlum olur ki, bu, müxtəlif illərdə inşa edilən iki ayrı binanın birləşməsidir. Çünki binanın digər tərəfində fasadda "1901 rəqəmi də yazılıb.

Həmsöhbətimizin sözlərinə görə, arxitekturalı bina olduğuna görə, bu binadakı mənzilləri uzun müddət özəlləşdirmək mümkün olmayıb. 90-cı illərdə binanın sənədlərindəki "arxitekturalı sözü çıxarılıb və özəlləşməyə verilib. Binada dövlət tərəfindən sonuncu təmir-bərpa işləri isə 65 il bundan əvvəl, 1953-cü ildə aparılıb.

"90-cı illərə kimi bizə deyirdilər ki, bu bina arxitekturalı binadır və onu özəlləşdirmək olmaz. Lakin 90-cı illərdə binanın sənədlərindən "arxitekturalı sözünü çıxardılar və mənzillər sakinlər tərəfindən özəlləşdirdi. Əslində binanın yalnız fasadı qalmışdı, həyətdəki evlərini hərə öz istədiyi kimi təmir edirdi. Bu bina əslində italyan üslubunda tikilib. Mən bura 80-ci illərdə köçmüşəm. O zaman həddindən artıq gözəl bina idi, içərisində gördüyünüz bu beton yığınını rəngli şüşələr əvəz edirdi, - deyə başqa ünvana kirayəyə köçən sakin bildirir.

Sakin deyir ki, adının mətbuatda hallanmasını tikinti şirkətinin rəhbərliyi ilə aralarında olan problemləri səbəbindən istəmir: "Onsuz da problemlərim boğaza kimidir. Bir də bu şikayətdə adım hallansa, başım ağrıyacaq. Binadan demək olar ki, hamını kirayə köçürüblər. Sakinlərə indiki mənzillərinin yerində onun ərazisindən 10-30 faizə qədər artıq mənzil verəcəklərini vəd ediblər. Əlbəttə, bina qəzalı vəziyyətdə idi, amma yəqin ki, onu tarixi tikili kimi bərpa etmək olardı, - deyə həmsöhbətimiz qeyd edir.

"Yeni ailə MMC isə binada söküntü işlərinə artıq başlayıb, fəhlələr ərazini hasarlamaqla məşğuldur. Tarixi binanın sökülməsi üçün rəsmi icazələrin alınıb-alınmadığını dəqiqləşdirmək üçün şirkətin ofisini axtarıb tapdıq.

Əvvəlcə özünü şirkətin iş icraçısı kimi təqdim edən Rasim adlı şəxs bizi qəbul etdi. O, bütün sənədlərinin qaydasında olduğunu deyərək binanın tarixi olmadığına bizi inandırmağa çalışdı: "Bunlar "sroku keçmiş binalardır. Yerində çoxmərtəbəli bina tikəcəyik. Bütün sakinlərlə də razılaşmışıq. Hamıya yaşadığı bu ünvanda mənzillər verəcəyik. Yalnız bir nəfər var ki, onun banka borcu var. O da problemini həll edəndən sonra bütün bina söküləcək. Ümumilikdə 53 sakinin köçürülməsi nəzərdə tutulub. Layihəmiz də rəsmi orqanlarda bəyənilib. Biz özbaşımıza bina sökə bilərikmi? Bütün sənədlərimiz qaydasındadır, - deyə şirkətin əməkdaşı bildirdi.

Amma şirkət rəsmisi bizə sənədləri göstərməkdən imtina etdi. Bunun üçün şirkətin əsas ofisinə getməli olduq. Məlum oldu ki, şirkətin rəsmi rəhbəri olmasa da, özünün dediyi kimi "işin içində olan adam Mübariz adlı biznesmendir. Sakinlər onun indiyə qədər bu ərazidə yerləşən xeyli mağaza və obyektləri idarə etdiyini bildirdilər.

Bizi qəbul edən Mübariz də (familiyasını demək istəmədi-müəl.) iş icraçısının dediklərini təkrarladı. Söküləcək binanın yerində 15+1 mərtəbəli binanın tikintisinə dair sənədləri bizə göstərsə də, onların şəklini çəkməyə icazə vermədi. Həmin ünvanda bina layihələndirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2017-ci ildə verilən sərəncam, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı və Fövqəladə Hallar Nazirliyinin ərazidə söküntü işləri ilə bağlı icazəsi var idi.

Lakin tarixi binanın sökülməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin heç bir razılığına rast gəlmədik. Eyni zamanda bu bina Mədəniyyət və Turizm Nazirliyinin Tarix-Mədəniyyət Abidələri siyahısında da yer almır.

Məsələ ilə bağlı Nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinə müraciət etdik. Dövlət Xidmətindən həmin bina ilə bağlı məsələni araşdırandan sonra bildirdilər ki, onlar tərəfindən şirkətə tarixi binanın sökülməsini dayandırmaq barədə xəbərdarlıq edilib. "Biz şirkəti xəbərdar etdik ki, bina sökülə bilməz, işlər dayandırılmalıdır-Dövlət Xidmətindən bildirildi.