Azərbaycanlı müğənni Afaq Aslan türkiyəli müğənni Ece Seçkinin onu məhkəməyə verməsi xəbərinə münasibət bildirib.
Unikal.org-un məlumatına görə, Lent.az-a açıqlama verən Afaq bildirib ki, E.Seçkinin "Follow me" mahnısı ilə onun oxuduğu "Sənlə mən" mahnısının bənzəməsi onun günahı deyil:
"Artıq bir neçə gündür ki, bizim və Türkiyə mətbuatında "Afaq Aslan Ece Seçkinin mahnısını oğurladı" adı altında xəbərlər dərc olunur. Bunun üçün mənə Türkiyədən zənglər və müraciətlər olundu. Heç kəsə cavab vermədim. İlk və son dəfə bu mövzu barədə danışıram. İlk öncə qeyd edim ki, mən bu xəbərə qədər Ece Seçkin adında bir müğənni tanımırdım. Yəni barəsində heç bir məlumatım yox idi. Xəbərlər saytlarda dərc olunandan sonra onun "Follow me" mahnısını dinlədim. Və qulaq asandan sonra gördüm ki, mahnının nəqarət hissəsi oxşardı. Dünya musiqilərinə nəzər salsaq, hamsısında başqa bir musiqinin oxşarlığını müşahidə etmək olar. Mahnıların nəqarət hissəsinin oxşaması mənim günahım deyil. Mən bu mahnını pul verib bəstəkardan almışam. Ona görə də türkiyəli müğənninin mənim adımı oğurluqda hallandırması düzgün deyil. Məni məhkəməyə verir, versin. Biz də öz hüquqlarımızı, qanunlarımızı bilirik".
Qeyd edək ki, E.Seçkin bir neçə gün öncə Türkiyə mətbuatına açıqlamasında bildirib ki, A.Aslan onun "Follow me" mahnısını oğurlayıb və o buna görə də məhkəmə qarşısında cavab verəcək.