Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.
Unikal.org Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, millimiz yarışın ikinci günündə də medalsız qalmayıb.
90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov beynəlxalq turnirin bürünc medalını qazanıb. Kanada, Avstriya, Rusiya və İtaliya cüdoçularına qalib gələn yığmamızın üzvü yalnız çempionatda birinci yeri tutan Yaponiya təmsilçisinə uduzub.
Beləliklə, Azərbaycan cüdoçuları Obervart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Dadaşova qədər Orxan Səfərov, Mehman Sadıqov "qızıl", Telman Vəliyev "gümüş", Vüqar Şirinli isə "bürünc"ə sahib olub.
Yekun nəticədə cüdo yığmamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq, birinci yeri tutub.