Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilib.
Unikal.org Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edib.
İlk yarış günündə güləşçilərimiz 5 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.
İkinci yarış günündə 13 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü ümumilikdə 4 qızıl, 4 gümüş və 1 bürünc medalla tamamlayıb.
Sərbəst güləşçilərimiz ikinci yarış gününü 2 qızıl, 2 gümüş medalla başa vurub. Əhmədnəbi Qvarzatilov (61 kq) və Şərif Şərifov (92 kq) bütün rəqiblərindən üstün olub. Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olub.
Qadın güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla tamamlayıb. Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub. Alyona Kolesnik (57 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərimiz isə ikinci yarış günündə 1 qızıl və 2 gümüş medal əldə edib. Murad Məmmədov (60 kq) bütün rəqiblərindən üstün olaraq turnirin baş mükafatını qazanıb. İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) isə yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.