Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.
Unikal.org-un məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlət başçısına və xanımına məlumat veriblər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib.
Məlumat verilib ki, fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu "Ring, 10 min tonu isə "Open End üsulu ilə olmaqla ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. "Ring üsulu ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.
Dövlət başçısı və xanımı işçilərlə xatirə şəkli çəkdiriblər.
Sonra prezident İlham Əliyev "Open End üsulu ilə iplik istehsalı müəssisəsini işə salıb.
Bildirilib ki, "Open End üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeməkxanada yaradılan şəraitlə də tanış olublar. Yeni fabriklərlə tanışlıqdan sonra dövlət başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
14:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər.
Unikal.org xəbər verir ki, dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir "ASAN Həyat" kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı məlumat verdilər.
13:53
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.
Unikal.org xəbər verir ki, "Azərsu Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basdı.
13:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib.
Unikal.org xəbər verir ki, "Azərenerji Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verib.
Dövlət başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə salıb.
Bildirilib ki, istismara yararsız iki turbin və generator görülən işlər çərçivəsində gücü 71,5 meqavat olan turbin və generatorla əvəz edilib. 200 meqavat gücündə avtotransformator quraşdırılıb, gərginlikləri 330, 220 və 110 kV olan yarımstansiyalar yerli idarəetmə sistemləri ilə birlikdə yenidən tikilib istismara verilib. Bu yarımstansiyaların dayanıqlı istismarını və onların bir-biri ilə, eyni zamanda, stansiya ilə əlaqələrini təmin etmək üçün 100 kilometrdən artıq güc, nəzarət və ölçü kabelləri çəkilib. Görülən işlər nəticəsində stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb. Burada, həmçinin müasir tələblərə cavab verən yeni inzibati bina inşa edilib, aşağı gərginlikli paylayıcı qurğular və sabit cərəyan avadanlıqları tamamilə dəyişdirilib. Suqəbuledici qurğuda 6 dəst sipər və onların hidravlik qaldırıcıları bütün avadanlığı ilə birlikdə yeni avtomatik tənzimlənən hidravlik qaldırıcılarla əvəz olunub. Stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri ilə əvəzlənib. Stansiyanın maşın zalında əsaslı təmir-bərpa işləri aparılıb.
Mingəçevir Su Elektrik Stansiyası quraşdırılmış hidroaqreqatların manevr imkanlarına, tənzimlənmə diapazonuna və xarakteristikalarına görə tezliyin tənzimlənməsinin standartla müəyyən edilmiş normalar çərçivəsində aparılmasını təmin edən yeganə elektrik stansiyasıdır. Hazırda burada 130 işçi çalışır.
Ərazidə genişmiqyaslı abadlıq işləri həyata keçirilib, 5 mindən çox ağac əkilib, 15 min kvadratmetr sahəyə asfalt döşənib.
12:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər.
Unikal.org xəbər verir ki, dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.