Avropa Oyunları ərəfəsində yüzminlərlə pul xərcləyib, ölkəmizə gətirilən idmançılar nədənsə uzun müddətdir gözə dəymir. Belə problemlərdən biri də Azərbaycan Avarçəkmə Federasiyasıdır. Avropa Oyunları zamanı kayak kanaoe idman növü üzrə millimiz 7 idmançıyla təmsil olunurdu. Bunlardan da cəmi 1 nəfər - Mirnazim Cavadov yerli idmançı idi.
Unikal.org federasiyadan "yoxa çıxmış, son zamanlar adı heç bir yarışda hallanmayan idmançıılar haqqında məlumat verir:
Belə ki, Sergey Bezuqlıy 2004-cü ildən milli komandamızın tərkibindədir. Amma Ukrayna əsilli idmançı sonuncu dəfə milli komandamızın tərkibində 2015-cı ildə Avropa Oyunlarında çıxış edib.
Daha bir Ukrayna əsilli kanoeçi Taras Matviçuk 2013 - 2015 -ci illərdə Azərbaycanı təmsil edib. Özü də bu barədə Facebook səhifəsində qeyd edib. Onun da millimizin tərkibində sonuncu çıxışı Avropa Oyunları olub.
Avarçəkmə üzrə milli komandamızın tərkibində ən uzunmüddətli çıxış etmiş ukraynalı idmançı Valentin Demyanenko olub. 34 yaşlı idmançı 2009-cu ildən millimizin tərkibində çıxış edir. O, sonuncu dəfə Olimpiya oyunlarında iştirak edərək Azərbaycan üçün bürünc medal qazanıb. Ancaq Valentin digər həmyerlilərindən fərqli olaraq rəsmi şəkildə kariyerasını bitirdiyini mətbuat qarşısında elan edib. 7 il ərzində daşıdığı Azərbaycan vətəndaşlığından da elə həmin il çıxıb.
İnna Osipenko-Rodomska da Valentin Demyanenko kimi karyerasını bitirdiyini rəsmi olaraq elan edib. İnna cəmi iki il - 2014-2016-ci illərdə millimizin tərkinində çıxış edib. Onun komandamıza gətirilmə səbəbi Olimpiya Oyunlarında qızıl medal qazanması idi. Ancaq ukraynalı qadın kanoeç Azərbaycan üçün cəmi 1 bürünc medalla kifayətləndi. Öz ölkəsi adından 3 olimpiya oyunlarında medallar qazanmış (1 bürünc medal Afina, 1 qızıl medal Pekin, 2 gümüş medal London) 36 yaşlı idmançı Rioda Azərbaycan üçün bir "bürünc mükafatla kifayətlənib. İki il Azərbaycan millisinin tərkibində çıxış etmiş idmançı karyerasını bitirən kimi elə vətəndaşlığı da tərk edib.
Oleksey Kupin də Avropa Otunlarında çıxış etməklə kifayətlənib. İndi isə onun harada? hansı yarışlarda çıxış etdiyi bəlli deyil.
Sloveniyanın 3 qat Avropa çempionu Yure Meqliç də iki illik "Milliləşdirilmiş idmançılardandır. O da 2014-2016-cı illərdə millimizin tərkibində yer alsa da elə bir böyük uğura imza atmayıb. Olimpiadada isə o, yarımfinal mərhələsində 14-cü yeri tutaraq, mübarizəni dayandırıb. Ancaq nədənsə karyerasını bitirdiyi 2017-ci ilin əvvələrində rəsmən elan edib. Elə həmin ilin ortalarında da Azrbaycan vətəndaşlığından çıxıb.
Məsələ ilə bağlı Azərbaycan Avarçəkmə Federasiyanın texniki direktoru Leyla Əliyeva ilə əlaqə saxladıq. Unikal.org-a danışan qurum rəsmisi xəbəri dolayısı yolla saytımıza faktı təsdiqləyib:
"O idmançılar artıq millimizdən də, Azərbaycandan da çıxıblar. Yaşa dolduqca, onlar idmanı tərk edirlər. Bizim millimizdə çıxış edən əcnəbilərin də getmə səbəbi budur, yaş artdıqca çıxıb getdilər. Onlar legioner idilər, öz uşaqlarımız deyildi. Ukraynadan gələn idmançılar bir müddət bizimlə oldular, bəzi uğurlara imza atdılar. Amma artıq yaşlarının çox olması səbəbilə komandamızdan uzaqlaşdılar.
Həmçinin əldə etdiyimiz digər məlumata görə, hazırda federasiyada maliyyə sıxıntısı yaşanır, buna görə də qurum yeni "milliləşmə edə bilmir.
L.Əliyeva bu məsələyə belə aydınlıq gətirib:
"Yerli idmançıların inkişaf etməsi üçün əlimizdən gələni edirik. Onlar hələ cavandırlar. Bilirsiniz ki, bizim bazamız Mingəçevirdədir, Bakıda yoxdur. Bu da bəzi çətinliklər yaradır. Burada uşaqları saxlamaq ucuz başa gəlmir. Çünki onlar Bakıda oxuyurlar. Ona görə də Mingəçevirdə yerləşən bazada -"Kür Olimpiya Tədris-İdman Mərkəzində ancaq bu şəhərdən olan uşaqlar qalırlar.
Qeyd edək ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti "İtaldizain Holdinqin baş direktoru Elçin Zeynalovdur. O, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun qudasıdır.
Aygün İlqarqızı