"Kəpəzin Topaz Premyer Liqasının son turunda "Səbailə qalib gəldiyi (2:1) oyunu stadiondan izləyənlər arasında Olimpiya çempionu Toğrul Əsgərov da olub.
Unikal.org xəbər verir ki, "sarı-göylərin sadiq azarkeşi kimi tanınan idmançı oyun haqda klubun saytına açıqlama verib:
"Bilirsiz ki, imkan düşdükcə, oyunlara gəlirəm. Məşqlər intensivləşib deyə son vaxtlar nadir hallarda stadionlarda görünürəm. Amma nəticələri izləyirəm. Gəncədə olduğumdan "Səbaillə görüşə baxmağı qərara aldım. Komanda qol vuranda da gördüm, öz qapısından top buraxanda da (gülür). Darionun zərbəsi dirəyə dəyməsəydi, yaxşı qol olacaqdı. Maraqlı oyun alındı. Qələbəyə görə sevinirik. Bunun davamlı olmasını istəyirik.
Sərbəst güləşçi sevimli komandasının cari çempionatdakı çıxışına da toxunub: "Təbii ki, komandanın vəziyyəti hamını olduğu kimi bir azarkeş qismində məni də narahat edir. Gəncə azarkeşi uduzmağı sevmir. Ona görə qələbələrin arzusundayıq. Pis günün ömrü az olar. Baş məşqçimizə, klub rəhbərliyinə inanırıq. Bilirik ki, onlar "Kəpəzi düşdüyü durumdan çıxarmaq üçün əllərindən gələni edirlər. Komanda xoşuma gəldi, uşaqlar layiqli mübarizə aparırlar. Futbol kollektiv idman oyunudur, heyət qışda yenilənib. Futbolçuların bir-birinə uyğunlaşması üçün vaxt lazımdır. Peşəkar idmançıyam, belə şeyləri yaxşı başa düşürəm. İdmançı formasından uzaq düşə və sonra onu bərpa da edə bilər.
"Kəpəzin bundan da pis günləri olub. Amma tədricən vəziyyət düzəlib və azarkeş kütləsini yenidən arxasına yığıb. Doğma klubuma uğurlar arzu edirəm. Bu qədər azarkeşi olan komanda bu yerdə ola bilməz. İnşallah, "Kəpəz istədiyi yerə çatacaq. Ümid edək ki, bundan sonra hər şey yaxşı olacaq. Buna inamımız böyükdür, klubu dəstəkləyirik.