REAL hərəkatının Milli Şura və Müsavatın martın 10-da "Məhsul stadionunda keçirəcəyi mitinqdə iştirakdan imtina etməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, müsavatçılar və cəbhəçilərin kəskin etirazını səbəb olan bu qərar realçılar tərəfindən də birmənalı qarşılanmayıb.

Tənqid və ittihamlara elə sosial şəbəkə səhifəsində reaksiya verən "Respublikaçı Alternativ (ReAl) siyasi birliyinin qurucularından biri və İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib ki, "ReAlın harasa çağırılması, "ReAl üçün çağırışa müsbət cavab vermək kimi bir öhdəlik yaratmır:

"Öncə söyürlər, sonra mitinqə çağırırlar, sonra mitinqə çağırışın altındakı şərhlərdə söyürlər, sonra cavabın yubandığına görə söyürlər, sonra "yox" cavabımızı alandan sonra söyürlər. Söyüşdən başları açılandan sonra da deyirlər ki, ReAl mövqeyini dəyişdi, satıldı və s.

"ReAlın rəhbərliyi hər zaman üzvlərimizin təhlükəsizliyini düşünür, onları güdaza verməməyə çalışır. Bu, belə də olmalıdır. Gözlənilən nəticəni verməyəcəyi öncədən aydın olduğu hallarda üzvləri, özəlliklə gəncləri, zərbə altında qoymaq, "ReAlın siyasət anlayışına uyğun deyil.

ReAl'da heç kim hökumətdən nə pul, nə vəzifə alıb, nə də hökumətdə vurulandan sonra müxalifətə keçib (üstümüzə gələnlərin bəzilərindən fərqli olaraq).

Onu da unutmayaq ki, "ReAlı mitinqə çağıranlara stadion verilir, "ReAla isə heç 200 nəfərlik otaq verilmir ki, qurultayını keçirə bilsin.

Feysbuk sosial şəbəkəsində canlı yayımla "Yeni Müsavat əməkdaşının suallarını cavablandıran "ReAlın icra katibi Natiq Cəfərli də bir daha xatırladıb ki, mitinqə qatılmamaq qərarı təşkilatın sədri İlqar Məmmədovla razılaşdırılıb: "Hakimiyyəti tənqid edəndə bizi Qərb dairələrinə işləməkdə ittiham edirlər, təəssüf ki, bizim müxalifətdəki dostlarımız da indi çıxış edərək bizi hökumətə işləməkdə ittiham edirlər. Bizi qorxaq adlandıranlar da var. Demək ki, əgər hökumətə işləmiş olsaydıq, qorxmazdıq.

Hərəkatın idarə heyətinin digər üzvü Xaliq Bağırov isə bildirib ki, "ümumxalq" adlanan mitinqin belə olmayacağına elə mitinqə qərar verənlərin özləri də bilirlər: "Çünki şəxsən mən onları bu qədər sadəlöhv hesab etmirəm. Bilmirlərsə, o zaman 10 martdan sonra, yəqin izah etməli olacaqlar ki, niyə bunu bilmirdilər. Buna rəğmən mən bu şəxslərin mitinq keçirmək, bu etiraz formasından istifadə etmək haqlarına hörmətlə yanaşıram və onlara uğurlar arzulayıram. Onu da bilirəm ki, mitinq keçirməyə qərar vermiş hər iki qurumun bu aksiyada olmaq üçün özlərinin təşkilati maraqlarına cavab verən səbəbləri var. Mənafelərinə uyğun da hərəkət etməkdə haqlarıdır. Lakin bu səbəblər heç bir halda bu gün, məhz bu gün ReAl-ı bağlamır.