Xəbər verildiyi kimi, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov hazırda Fransada yaşayan Vidadi İsgəndərlinin atasının Göyçaydakı məzarının təhqir olunması məsələsinə münasibət bildirib. İqtidar nümayəndəsi bununla bağlı ölkənin birinci prezidenti olmuş Ayaz Mütəllibova, mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsinə və Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak etmiş müxalifət liderlərinə, hüquq müdafiəçilərinə və digərlərinə müraciət edərək məsələ ilə əlaqədar mövqe bildirmələrini xahiş edib.
Unikal.org xəbər verir ki, Eks-prezident Ayaz Mütəllibov Moderator.az -a açıqlamasında ölkədə belə xoşagəlməz olaylar yaşanmasından dərin təəssüf hissi keçirdiyini bildirərək bunları söylədi:
"Əlbəttə, çox xoşagəlməz bir hadisədir. Belə məsələlərə münasibət bildirmək də çətindir. Amma əgər mənə ölkənin keçmiş başçısı, ağsaqqal yaşda olan bir vətəndaşı kimi müraciət olunubsa, münasibət bildirmək vacibdir. Həm də ən əsası, burada söhbət Azərbaycan xalqının milli, dini dəyərlərindən gedir. Ona görə də bir neytral tərəf kimi insidentə mümkün qədər obyektiv münasibət bildirməyə çalışacam.
Əvvəla, kim öncə digər tərəfə qarşı nümayişkaranə şəkildə təhqiramiz ifadələr işlədibsə, o, səhvə yol verib, xalqımızın əxlaqi dəyərlərini tapdayıb. Amma Avropadakı müxalifətçi vətəndaşın günaha yol verib opponent hesab etdiyi şəxslərə qarşı yolverilməz ifadələr işlətdiyi halda belə, heç kəsin həmin insanın atasının məzarını təhqir etməyə, bu qeyri-əxlaqi olayın video-görüntülərini internetdə bütün dünyaya yaymağa haqqı yoxdur. Yəqin bəzi adamlar düşünür ki, o müxalifətçinin atasının məzarını təhqir edənlər iqtidardakılara yaxşılıq edib. Xeyr, əslində hakimiyyətə də, Azərbaycana da ən böyük pisliyi onlar - Azərbaycan kişisinin, vətəndaşının məzarını dağıdanlar edib. Eyni hərəkəti Qarabağda erməni vandalları bizə qarşı ediblər... Odur ki, həmin adamlar müxalifətdən daha çox dövlətimizə siyasi-mənəvi zərbə vurub. Çünki iqtidar nümayəndələri bundan xəbəri olmadıqlarını desə də, artıq bu nalayiq olay daxildə də, xaricdə də mövcud hakimiyyətin öz opponentlərinə verdiyi cəza üsulu kimi təqdim olunur. Bu təhlükəli bir presedentdir. Və geniş mənada hər iki hərəkət, yəni, həm nümayişkaranə şəkildə xaricdə yaşayan Azərbaycan vətəndaşının dövlət rəhbərinin, adamının və ya başqa vətəndaşın şəxsiyyətini, ailəsini təhqir etməsi, həm də digərinin həmin vətəndaşın doğmasının məzarını biabır etməsi bütövlükdə xalqımıza, dövlətimizə qarşı həqarətdir. Axı belə naqis hərəkətlər Azərbaycanı beynəlxalq səviyyədə də nüfuzdan salır. Vətənini, xalqını, dövlətini sevən insan öncə bunu düşünməli, gözünü yumub ağlına gələni etməməməlidir...
Ayaz Mütəllibov özünün də illərlə mühacirətdə yaşadığını yada salıb misal çəkərək üzünü xaricdə yaşayan vətəndaşlara tutdu:
"Özünütərif üçün yox, fakt kimi, nümunə çəkmək məqsədilə deyirəm. Neçə illər qürbətdə, Vətəndən uzadda yaşadım. Bütün mənəvi çətinliklərə rəğmən bir dəfə də olsun, istər, hakimiyyətdə olanlara, istərsə də vaxtilə mənə qarşı müxalifətdə olmuş, mənə açıq şəkildə pisliklər etmiş bircə nəfərə qarşı da qeyri-etik ifadələr işlətmədim. Eləcə də indikindindən qat-qat qarışıq bir dövrdə, yenicə pərvazlanan bir dövlətə başçılıq etdiyim illərdə də istər siyasi, istər hüquqi müstəvidə daim xalqımızın, dinimizin ədəb-ərkanını öndə tutmağa çalışmışam. Yəni hər kəsə demək istəyirəm ki, qeyri-əxlaqi çərçivədə siyasi mübarizə aparmaq bizə, xüsusən özünü azərbaycanlı, müsəlman hesab edən insanlara yaraşmaz... Əsl vətəndaş istər daxildə, istərsə də xaricdə apardığı siyasi mübarizədə təmkinini, ağlını, əxlaqını itirməməlidir...
Sabiq dövlət başçısı hər hansı bir insanın məzarını təhqiretmə aktının milli, dini dəyərlərimizə, qanunlarımıza da zidd olduğunu vurğuladı:
"...Bütün hallarda dinindən, irqindən, milli, siyasi və ya sosial mənsubiyyətindən asılı olmayaraq hər hansı bir insanın məzarını təhqir etmək öncə Allah qarşısında günahdır. Qəbir toxunulmazdır. Dinimiz, İslam şəriəti, qanunlarımız bunu qadağan edir. Eyni zamanda tarix boyu qədim xalqımızın ənənəsində də dədələrimiz, böyüklərimiz tərəfindən sərt cəzalandırılacaq bir hərəkətdir bu. Həmin məzarda uyuyan insan kimin atası olmamışdan öncə, bu dövlətin vətəndaşı, bu xalqın oğludur... Axı bu gün biz erməni vandallarını Qarabağda doğmalarımızın məzarlarını, abidələrimizi, evlərimizi yerlə-yeksan etməkdə qınayırıq. Onda daha bizim işğalçılarla, Azərbaycanın düşmənləri ilə nə fərqimiz oldu?
Üçüncüsü də, bildiyimə görə, Avropada yaşayan həmin vətəndaşın atası Böyük Vətən müharibəsi veteranıdır. Mənim atam da həmin müharibənin veteranı olub. Odur ki, onun övladlarının, ailəsinin hansı hisslər keçirdiyini təsəvvür edirəm. Yəni, bu hərəkət hansı dövlətin ordusunda olmasından asılı olmayaraq bütün dünya üçün kabusa çevrilmiş faşizmə qarşı vuruşmuş bir döyüşçünün şəxsində dünyadan köçmüş və sağ qalan, Azərbaycandan və digər ölkələrdən olan bütün BVM veteranları üçün təhqirdir. Azərbaycan xalqına qətiyyən layiq olmayan bu hərəkət hökmən cəzalandırılmalıdır. Bildiyimə görə, dövlətin müvafiq qurumları həmin şəxslərin müəyyən edilib cəzalandırılması istiqamətində təhqiqat aparırlar. Və inanıram ki, həmin şəxslər layiqli cəzalarına çatacaqlar...
Müstəqillik illərində ölkənin ilk prezidenti olmuş siyasi xadim bu cür təxribatçı, qızışdırıcı hərəkətlərin Azərbaycanda qarşıdurma və xaos yaratmaq istəyən üçüncü qüvvələr tərəfindən təçkil edilə bilmək ehtimalını da irəli sürdü:
"...Bir də ən qorxulusu odur ki, belə alçaq hərəkətlər üçüncü güclər tərəfindən sifariş və icra edilsin... Üçüncü qüvvənin məqsədi nə ola bilər?.. Azərbaycanda iqtidar-müxalifət ziddiyyətlərindən yararlanaraq digər müsəlman ölkələrində olduğu kimi vətəndaş qarşıdurması və sonu bəlli olmayan xaos yaratmaq... Bunu təcrübədə yaşamış bir insan, bir siyasi xadim kimi ölkədəki bütün ictimai-siyasi qüvvələrə müraciət edirəm. Dünyada mürəkkəb və çox ziddiyyətli hərbi-siyasi, iqtisadi proseslərin getdiyi bir zamanda hər sözdə, hər addımda ehtiyatlı olmaq gərəkdir. Istər iqtidar, istər müxalifət nümayəndələri öncə bu xalqın övladlarıdır. Torpağı işğal altında olan bir ölkənin bütün potensialı işğala qarşı mübarizəyə yönəlməlidir. Özüm izləyə bilməsəm də, eşidirəm ki, son vaxtlar xaricdə və daxildə nəinki siyasi mənsubluğu olan, ümumiyyətlə, ayrı-ayrı vətəndaşlar müxtəlif internet vasitələri ilə biri-birlərinə, hakimiyyətə, yaxud müxalifətə qarşı hədsiz dərəcədə biabırçı ifadələr işlədirlər. Bilmək lazımdır ki, bu, çıxış yolu deyil. Əksinə, çox qorxulu bir yoldur, qardaş qanına, xaosa aparan bir yoldur... Kiminsə başqasını təhqir etməyə haqqı yoxdur. Eyni zamanda təhqir olunan tərəf də qisasını həmin adamın ata-anasından, qardaş-bacısını incitməklə, onlara qarşı təhqir, təzyiq və zor işlətməklə almamalıdır...Cinayət olsa belə, hüquq çərçivəsində qarşılanmalıdır...
"Siyasi mübarizə yalnız sivil formada, milli dəyərlər, əxlaq və hüquq çərçivəsində aparılmalıdır... Torpaqlarımızın da, milli dəyərlərimizin də, milli dövlətçiliyimizin də qorunmasında iqtidar-müxalifət ayrı-seçkiliyinə yol verilməməlidir...
Bir sözlə, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hamını barışığa, sülhə, mədəni dialoqa, vətəndaş birliyinə səsləyirəm-deyə eks-prezident fikirlərinə yekun vurdu.