"Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq".

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

"Mən müstəqil və azad Azərbaycanın vətəndaşıyam. Öz ölkəmin tarixiylə qürur duyuram. Mənim Müstəqillik və Azadlıq tariximin yaşı az olsa da, möhtəşəm və əzəmətlidir. Dünya ölkələri sırasında addımlarım kövrəkdir, amma qətiyyətlidir, inamlıdır, məqsədyönlüdür". 

Unikal.org xəbər verir ki, bu sözləri millət vəkili Rəşad Mahmudov deyb.

Millət vəkili bildirib ki, ölkəmizin müstəqilliyi və azadlığı məşəqqətlər və qanlar hesabına başa gəlib;:

"Bugünkü Azərbaycanın möhtəşəm qələbələri, onun dünya dövlətləri arasında özünə öncül sıralarda yer tutması, inamla addımlaması, yeni-yeni tarixi səhifələrə imza atması təsadüfi deyil. Bizim dövlətçilik tariximizin dərin kökləri var. Bu günə qədər şanlı tariximizin müxtəlif mərhələlərində formalaşan dövlətlər və onların qurduğu münasibətlər indiki siyasi təcrübəmizin, dövlətçilik ənənələrimizin əsasını təşkil edir. 

XX əsrin əvvəllərində bizim xalqın başında duran işıqılı, ziyalı adamlarımız da xalqımızı müstəqillik və azadlıq ideyaları ilə silahlandırır, onları müstəqil dövlətə sahib olmaq üçün mübarizəyə səsləyirdilər. Beləliklə, 1918-ci ildə bunun nəticəsi olaraq Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, amma o, cəmi 23 ay yaşadı. Sovet totalitar rejimi gəldi, xalqımız bu rejimin əsarətində yaşamağa məcbur oldu. Lakin uzun onilliklər ərzində sovet imperiyası da xaqımızın müstəqillik və azadlıq ruhunu öldürə bilmədi, bu arzu, bu istək ildən-ilə boy atdı, millətin bəşər cərgəsinə daxil olmaq ehtirasını daha da coşdurdu.

Azərbaycan üçün çox ağır və ağrılı bir zaman gəldi. Ölkədə çaxnaşmalar, daxili və xarici qüvvələrin səyi ilə xaos yarandı. Belə bir zamanda xalq öz ümidgahını - Heydər Əliyevi təkidlə Bakıya dəvət elədi, o da xalqın istəyinə qarşı durmadı və öz gəlişi ilə yeni Azərbaycanın özül daşını qoydu. Məhz onun yorulmaz fəaliyyəti və uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı. Dünyanın ən aparıcı şirkətləri bu möhtəşəm müqavilənin həyata keçirilməsinə qoşuldu, fəqət ən əsası da buydu ki, ölkəmiz ulu öndərin uzaqgörən və məntiqə əsaslanan siyasi əzmkarlığı ilə idarə olunurdu. Məhz bundan sonra regionda yeni geosiyasi vəziyyət yarandı. Təhdidlər, təzyiqlər başlandı, amma bunlar müdrik rəhbəri yolundan döndərə bilmədi. Beləliklə, nailiyyətlər, uğurlar bir-birinin ardınca əldə olundu, Azərbaycan dövlətinin və neftçilərimizin xarici tərəfdaşlarla birgə apardığı məqsədyönlü fəaliyyətinin ilkin nəticələri görünməyə başladı. Əlbəttə, bu əməkdaşlıq peşəkar anlaşmaya, birgə fəaliyyətin kordinasiyasına, tərəflərin mövqe və mənafeyinə qarşılıqlı hörmət və diqqət göstərilməsinə əsaslanırdı. Ötən müddət ərzində görülmüş işlər, aparılmış təhlillər, məqsədyönlü islahatlar nəticəsində dövlətimizin iqtisadi imkanları və gücü qat-qat artdı".

R.Mahmudov diqqətə çatdırıb ki, əgər biz bu günü bu və ya digər dərəcədə keçmişlə bağlamasaq, gələcəyimiz də olmaz:

"Düşünürəm ki, o xalq tarixdə əbədi olaraq yaşaya bilər ki, onun yaddaşı əbədi olsun. Xalq öz tarixini unudanda onun süqutu başlanır. Keçmiş də, bu gün də, gələcək də bizimkidir, bunların biri-biriylə əlaqəsini qıranda kim olduğunu, haradan gəldiyini, haraya getdiyini bilməzsən.

Bu gün Azərbaycan təkcə neft ölkəsi deyil, bu gün Azərbaycan həm də yeni mədəni-mənəvi dəyərləri ilə tanınır, bu gün Azərbaycan multikultural ölkə kimi tanınır, bu gün Azərbaycan idman və turizm ölkəsi kimi tanınır. 

Artıq Azərbaycan iri və mürəkkəb infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi nüfuz sahibidir. Bu gün Azərbaycanın səsi Beynəlxalq təşkilatların kürsülərindən daha gur eşidilir. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, inkişafın Azərbaycan modelinin mövcudluğu ən böyük uğurumuzdur və dünyaya nümunədir. Bəli, Azərbaycan bu gün öz tarixinin ən güclü, güdrətli dövrünü yaşayır.

Azərbaycanda növbədənkənar prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi bizi istəməyən qüvvələrin, eləcə də işğalçı Ermənistanın ciddi narahatçılığına səbəb olub. Düşünürəm ki, bunun bir neçə səbəbi var. Birincisi, mənfur qonşularımızını qısqanclıq hissləridir, axı onlar görür və yaxşı bilirlər ki, bu gün Azərbaycan bütün regionda söz sahibidir. Onun qüdrətli ordusu, iqtisadi gücü, tükənməz maddi-mənəvi dəyərləri var. Belə bir dövlətə, əlbəttə, qısqanclıqla yanaşmalar mümkündür. İkincisi, Azərbaycanın İlham Əliyev kimi güclü, iradəli, qətiyyətli və uzaqgörən siyasi lideri vardır. Xalqı, milləti daha işıqlı, daha firavan gələcəyə apara bilən rəhbəri var.

Bu gün mən də bir vətəndaş kimi, bir övlad kimi ölkəmin, dövlətimin yanındayam və müasir tariximə də inanıram. Və mən ona da inanıram ki, daha qüdrətli gələcəyimiz bügünkü vətəndaşımızın güvəndiyi, inandığı, arxalandığı müstəqil dövlətimdən asılıdır. Və bir Azərbaycan vətəndaşı kimi dövlətimin sükanı arxasında mətanətlə duran, öz nümunəsi ilə xalqını daha nəcib və faydalı əməllərin ardınca apara bilən Prezident İlham Əliyevi dəstəkləyirəm. İnanıram ki, mənim kimi milyonlarla həmvətənim yaxınlaşmaqda olan Prezident seçkilərində yenə öz səsini İlham Əliyevə verəcək. Müstəqilliyimizi, azadlığımızı sevən hər bir kəs, məncə, bu addımı atmalıdır".