Təhsili olmayanın təhqiri, əqidəsi olmayanın "ağası bol olar...

"İctimaiyyətin nifrətini qazanmış muzdlu "söyüşçülər qrupunun üzvləri, söyüşü özlərinə silah hesab edənlər bilməlidirlər ki, bu yalnız bumeranq silahıdır. Ya həqiqətən bunu bilmirlər (ki, bu mümkün deyil), ya da həqiqətən bunlar vətəninə, dövlətinə, ailəsinə dəyər verməyən məxluqlardır. Əxlaqi çərçivələri söyüşlə sərhədləşmiş bu məxluqlar pulu özlərinə əsas dəyər, maliyə mənbəsi olan ocaqları isə özlərinə vətən bəlləmişlər".

Unikal.org xəbər verir ki, bu fikirləri YAP Gənclər Birliyini sədr müavini Əli Pənahov deyib. 

"Ailə kiçik bir dövlət, dövlət böyük bir ailədir. Necə ki, kiçik dövlətdə ailə başçısına tərbiyədən kənar söz söylənməz, eləcə də böyük ailədə dövlət başçısına hörmətdə qüsur edilməməlidir. Ailə dəyərləri, milli dəyərlərimiz bizi digərlərindən fərqləndirən amillərdir. Buna sahib çıxmaq əvəzinə öz ailəsinə, dövlətinə dil uzadanların şəxsiyyətləri, milli kimlikləri iflasa uğramış hesab olunur.

Elmi-texniki tərəqqi dövründə insanlar ünsiyyət formalarını artıq virtuallaşdırır, sosial şəbəkələr üzərindən nitq söyləməyə başlayır, özünü tanıtma imkanlarından istifadə edir. Lakin bu inkişafın bizə verdiyi imkanlardan düzgün istifadə etmək lazımdır. Ümumiyyətlə, bir fərd özünü tanıtmaq istəyirsə və bunu ağılı, savadı, istedadı olmadan edirsə həmin insanın tək bir yolu qalır ki, bu cür pis məqsədlərə əl atsın.

"Rahat pul ovçuları öz cibləri naminə vətəninə, dövlətinə və onun rəsmilərinə qarşı nalayiq hərəkətlər etməklə əslində elə ictimaiyyətin onları yad maddə kimi ölkədən xaric etməklərinin düzgün olduğunu təsdiqləmiş olurlar. Burda, cəmiyyət içində özünə yer tapa bilməyənlər başqa cəmiyyətdə, daha doğrusu başqalarının onların üçün hazırladıqları oyun maşınında özlərini rol idarə edən kimi hesab edirlər.

Qeyd edim ki, Yeni Azərbaycan Partiyasının 700 mindən çox üzvü var və bu da hər ailədə ən azından bir YAP-çının olması, həmin insanların da Yeni Azərbaycan Partiyasının sədrini, onun siyasətini dəstəkləməsi deməkdir. Yəni ölkə başçısını, rəsmiləri, partiya üzvlərini təhqir edənlər birbaşa özlərini, öz ailələrini və öz əqrabalarını təhqir etmiş olurlar. O zaman yalnız ölkədən deyil həmçinin mənəviyyatdan da uzağa qaçmış bu insanlara deyəcək yeganə söz qalır: "Bumeranq yoldadır, sizə qayıdır...