Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olan İlham Əliyev 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının prezidenti oldu. 42 yaşlı prezident onda dünyanın ən cavan ölkə başçılarından biri idi. Həmin zamandan 15 il vaxt keçir.Prezident İlham Əliyev keçən müddət ərzində ölkəmizi inamla irəli aparır.Onun hakimiyyəti illərində ölkəmiz dinamik templə inkişaf edir, sürətlə müasirləşir, dünyada nüfuz və söz sahibinə çevrilir. Prezidentimiz BMT, NATO, ATƏT kimi beynəlxalq təşkilatların mötəbər kürsülərində inamla, cəsarətlə, məntiqi çıxışları ilə milli mənafeləri qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür.Dünyanın siyasi arenasında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.
Prezident İlham Əliyevin islahatları, ölkənin inkişafı naminə verdiyi qərarlar nəticəsində ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasındadır.Onun siyasətində xalqa xidmət, insan amili ön sıradadır.
"Unikal.org Prezident İlham Əliyevin 15 illik fəaliyyət dövrü ərzində müxtəlif sahələrdə Azərbaycanın inkişafı naminə gördüyü işlərlə bağlı mütəxəssislərin, elm adamlarının və siyasətçilərin fikirlərini öyrənib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə gənclərlə iş üzrə müşaviri, professor Yusif Babanlı bildirir ki, Prezident İlham Əliyev fəaliyyəti dövründə Azərbaycanı idman ölkəsinə çevirib:
"Bu gün ölkəmizdə idman federasiyalarına, idman cəmiyyətlərinə və idmançılara dövlət qayğısı var.Hər il ölkəmizdə Avropa, Dünya çempionatlarının, müxtəlif beynəlxalq yarışların keçirilməsi ölkəmizdə idmana olan diqqətin göstəricisidir.Cənab prezidentin idman siyasətinin nəticəsidir ki, ölkənin müxtəlif bölgələrində və rayonlarında olimpiya idman kompleksləri istifadəyə verilib. Bu komplekslər idmançıların məşq etməsi və yarışlara hazırlaşması üçün hər cür şəraitlə təmin olunub.Ona görə də idman sahəsində böyük naliyyətlər əldə edirik. İdmançılarımız olimpiya yarışlarında, Dünya və Avropa çempionatlarında medallar qazanaraq, ölkəmizi layiqincə təmsil edirlər. Avropa oyunları, 4-cü İslam Həmrəyliyi oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın idman sayəsində dünyada artan nüfuzunun göstəricisidir.Ölkəmiz müxtəlif beynəlxalq yarışlara yüksək təşkilatçılıq edərək Azərbaycanı idman ölkəsi kimi dünyaya tanıdıb.
Təhsil Şurasının sədri Əjdər Ağayev bildirir ki, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğısı Azərbaycan təhsilinin uğurlu gələcəyindən xəbər verir:
"Cənab Prezidentin səyi nəticəsində təhsilin maddi, hüququ, pedoqoji bazası yeni şəraitdə formalaşmağa başladı. Xarici təcrübənin öyrənilməsi, Dünya Bankının krediti hesabına Azərbaycanda təhsil islahatları yeni keyfiyyətlə həyata keçirilir.Bu 15 ildə yüzlərlə məktəb tikilib, təmir edilib. Ölkə ərazisində bütün məktəblilərə dərsliklər dövlət tərəfindən pulsuz verilir.Son dövrlər dövlət dəstəyi hesabına modul məktəblər istifadəyə verilir. Əhalisi az olan ərazilərdə bu tipli məktəblər vasitəsilə azyaşlıların təhsilə cəlb edilməsi prosesi aparılır.Məktəblərdə tədris işinin yüksəldilməsi üçün müasir texnikadan istifadə edilir. Bu prosesi uğurla icra etmək və mütəxəssislər hazırlamaq üçün pedoqoqlar xarici ölkələrə göndərildi. Komputer texnologiyası geniş tətbiq edilir.Bu illər ərzində dövlət hesabına yüzlərlə tələbə xarici ölkələrdə təhsil almaq üçün dünyanın müxtəlif nüfuzlu ali təhsil məktəblərinə göndərilib.Universitetlərdə "Boloniya və "Kredit sistemi tətbiq edilir. Ali təhsil sistemində Avropa praktikasının istifadəsi təhsilimizin inkişafı üçün atılan addımlardan biridir. Azərbaycan təhsilinin inkişafına kömək edən "Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyası sənədidir.Bu sənəddə konkret olaraq əsas istiqamət müəyyənləşdirilib. Bu sənəddə əsas istiqamətlərdən biri də Ali təhsil müəssisələrində peşəkar kadrların hazırlanması və təhsildə diaqnostik qiymətləndirilmənin aparılmasıdır. Atılan bu addımlar təhsilimizin və elmimizin inkişaf etdirilməsinə yardımçı olacaq. Ümumilikdə cənab prezidentin bu zamana kimi təhsillə bağlı verdiyi qərarlar təhsil sisteminin inkişaf etdirilməsinə səbəb olub.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirir ki, ümumiyyətlə, cənab prezidentin 2003-cü ildən bu vaxta qədər bütün fəaliyyəti əhalinin sosial-iqtisadi rifah halının yüksəldilməsinə, sosial layihələrin icrasına yönəldilib.Bu sırada səhiyyə, tibb xidmətlərinin yüksəldilməsi diqqət mərkəzindədir:
"2003-cü ildən bu zamana kimi büdcə təsdiq olunarkən sosial layihələrə ayrılan vəsait büdcənin 30 faizindən az olmur. Səhiyyə ilə bağlı son illərdə böyük işlər görülüb. Maddi texniki bazanın yüksəldilməsi, yeni tibb müəssisələrinin açılması, mövcud tibb müəssisələrinin əsaslı şəkildə təmir olunması, müasir tibbi texnoloji avadanlıqlarla təchiz olunması, səhiyyə kadrlarının ixtisasının artırılmasını və respublikadan kənarda kadrların hazırlanması diqqət mərkəzində saxlanılır.Ölkədə 600-dən çox yeni tibb müəssisəsi əhalinin xidmətinə verilib. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək üçün həkimlərin və tibb bacılarının sertifikatlaşdırılması həyata keçirilir. Cənab prezidentin göstərişi ilə icbari dispanserizasiyası həyata keçirilir.Bu işlər dövlət hesabına görülür. Nigaha girən şəxslərin tibbi müayinəsi aparılır.Bu amil sağlam gələcək nəslin yetişdirlməsi istiqamətində atılan addımdır.Əhalinin sağlamlığının qorunması ilə bağlı görülən ən mühüm addımlardan bir də dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsidir. Son illər uşaq ölümü, ana ölümü faktlarının sayı azalıb. Bu cür ölüm hallarının sayı orta Avropa ölkələrinin statistik göstəriciləri ilə eynidir. Doğum ölüm hallarını ildə yüz min nəfər üstələyir. Azərbaycanda yüksək demoqrafik vəziyyət mövcuddur. İcbari Tibbi siğorta pilot layihəsi kimi həyata keçirilir.Gələn ildən bu bütün ölkəni əhatə edəcək.Bütövlükdə səhiyyə sahəsi ölkə başçısının prioritet istiqamətlərindən biridir.Ölkə vətəndaşları da səhiyyə sahəsində görülən işlərdən razıdır.
Hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədlinin sözlərinə görə 2003-cü İldə İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra ordu quruculuğunda islahatlar keçirilməyə başladı. Silahlı qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər gücləndirildi:
"Bu illər ərzində Azərbaycan ordusu Qərb istehsalı olan silah-sursatla, müasir hərbi texnikaların alınmasına başladı.Müdafiə Sənayesi Nazirliyinin yaradılması ölkə başçısı tərəfindən Azərbaycanın ordu quruculuğu prosesinə verdiyi önəmin sübutudur.Silahlı Qüvvələrin texniki bazasının xarici ölkədən asılılığını azaltmaq üçün müdafiə sənayesi gücləndirilməyə başladı. Bu nazirliyin bazasında Azərbaycan özünün silahlarını istehsal etdi.Bu amil ordumuzun gücünün artmasını sürətləndirdi. Paralel olaraq satınalmalar həyata keçirildi, zenit- raket kompleksləri alındı.Yeni zirehli texnikalarla Azərbaycan Ordusu təmin olundu. Müasir T-90 tankları alınaraq silahlı qüvvələrin istifadəsinə verildi. Həmçinin ordunun aviasiya bazası təkmilləşdirildi. Yeni döyüş təyyarələri alındı, aviasiya vasitələrinin modernləşdirilməsi həyata keçirildi. Azərbaycanın müdafiə potensialı yüksəlib. Ali Baş Komandan tərəfindən müdafiə sahəsində kadr potensialı artırılır.Bu illər ərzində zabitlərimiz xarici ölkələrə göndərilərək müasiir silahlardan və döyüş texnikalarından istifadə bacarıqlarına yiyələndilər. Biz 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun əks zərbə və müdafiə bacarığının şahidi olduq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu düşmənə öz gücünü göstərdi və strateji əhəmiyyətli məntəqələri düşməndən azad etdi. Bunların hamısı ölkə rəhbərinin müdafiə sahəsində gördüyü məqsədyönlü işlərin əyani göstəricisidir.
İqtisadçı Fikrət Yusifovun fikrincə Azərbaycanın son 15 ildə qazandığı uğurlar cənab prezidentin iqtisadi sahədə gördüyü işlərlə sıx əlaqəlidir:
" Bir ölkənin bu səviyyədə quruculuq işləri apara bilməsi və ictimai-siyasi sabitliyin nümunəsinə çevrilə bilməsi üçün onun güclü iqtisadiyyatının olması gərək idi. İlham Əliyev 2003-cü ilin sonunda ölkə prezidenti seçildiyi ilk gündən bunun belə olduğunu hər kəsdən daha yaxşı dəyərləndirə bildi. O eyni zamanda neft ölkəsi olan Azərbaycanda iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasının strategiyasını müəyyənləşdirdi. Hakimiyyətə gəldiyi ilk gündən "biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur, deyən gənc Prezident, neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək daha uzaq perspektivə nəzər salmağı bacardı. Neft pullarının daimi olmadığını yaxşı dərk edən İlham Əliyev iqtisadiyyatın köklü şəkildə yenidən qurulması işlərinə başladı. Ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafı ona münbit fəaliyyət meydanı yaradılacağı halda mümkün idi. Bunun vacibliyini dəyərləndirən dövlət başçısı 2004-cü ildən başlayaraq "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Dövlət başçısının rəhbərliyi ilə görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmamışdı.
2014-cü ilin ikinci yarısından etibarən heç kimin gözləmədiyi halda dünya bazarlarında neftin qiymətləri kəskin şəkildə aşağı düşməyə başladı. Neft gəlirlərinin qısa zaman kəsiyində belə azalması ölkə iqtisadiyyatının yenidən qurulması və onun qeyri-neft sektoruna davamlı şəkildə transformasiya olunması sahəsində bəzi problemlər yaratdı. Neftin qiymətləri ətrafında gedən siyasi oyunlar vəziyyəti bir qədər də mürəkkəbləşdirdi.
Qiymətlər ətrafında baş verən bu proseslərin nə qədər davam edəcəyini müəyyənləşdirmək çətin idi və elə bu səbəbdən də Azərbaycan Prezidenti cənab İlham Əliyev gözləmə mövqeyinə qətiyyətlə yox deyərək ölkədə post-neft dövrünün başlandığını rəsmi şəkildə elan etdi. Yeni dövr düşünülmüş iqtisadi siyasətlə, praktik olaraq yeni iqtisadi modellə idarə olunmağa başladı. 2015-ci ilin son aylarından ölkədə azad sahibkarlığın inkişafını təmin edən və ona hər yerdə yaşıl işıq yandıran mühüm qərarlar qəbul edildi. Azərbaycan iqtisadiyyatının bütün istiqamətlər üzrə hərtərəfli inkişafını nəzərdə tutan Strateji Yol xəritələri təsdiq olundu. Bu sənədlərin işlənib hazırlanmasında yerli xüsusiyyətlər nəzərə alınmaqla beynəlxalq təcrübədən geniş istifadə edildi və bu işə dünyanın aparıcı mütəxəssisləri cəlb olundu.
Bu gün prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə real sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında inqilabi dəyişikliklər baş verməkdədir. Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması yaxın gələcəkdə Azərbaycanı xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevirəcək. Bu məqsədlə Sumqayıtda tikilən Kimya Sənaye Parkı ilk qaranquş rolunu oynamağa başlayır.
Azərbaycanda ənənəvi sahə olan aqrar sektor öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Son bir neçə il ərzində dünənə qədər Azərbaycana möhkəm valyuta gətirə biləcək pambığın, baramanın, tütünün və başqa məhsulların istehsalında yüksək nəticələr əldə edilib. İndi Azərbaycan hökuməti qeyri-neft sənayesi və aqrar sektorda istehsal ediləcək məhsulların "Made in Azerbaijan brendi ilə dünya bazarlarında öz layiqli yerini tutması istiqamətində ciddi işlər görür. Dünyanın aparıcı ölkələrində Azərbaycanın ticarət evləri yaradılır və Azərbaycan brendi olan məhsulların yeni bazarları müəyyənləşdirilir. Hazırda Azərbaycan dünyanın turizm mərkəzinə çevrilməkdədir. Bunun üçün hər cür şəraiti olan ölkəmizdə İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən qərarların əhəmiyyəti misilsizdir.
Yekunda onu da qeyd edək ki, İlham Əliyevin prezidentlik dövründə gördüyü işlər onu deməyə əsas verir ki, Azərbaycanı parlaq gələcək gözləyir.Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan inkişaf yolunda dayanmadan irəliləyir. Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
Famil Fərhadoğlu