Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 29-da Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.
MN-dən unikal.org-a verilən məlumata görə, əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparılır. Qeyd olunub ki, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf edir.
Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.