"Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır.
Unikal.org-un məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda çıxışı zamanı bildirib.
İran Prezidenti Həsən Ruhani xalqlarımızın dini, tarixi və adət-ənənələr baxımından olduqca bir-birinə yaxın olduğunu deyib, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın, həmçinin, müştərək fəaliyyətimizin bütün regionun xeyrinə olduğunu bildirib.
Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin bütün region və dünya üçün faydalı olduğunu deyərək bu səfərin tarixi qərarların qəbul edilməsi ilə nəticələndiyini, bütün bunların xalqlarımızın rifahına xidmət edəcəyini vurğulayıb, Xəzərdə müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumun əhəmiyyətindən danışıb, Xəzər dənizinin əməkdaşlıq, təhlükəsizlik və dostluq dənizi olduğunu bildirib.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini və bir-birinin yanında olduğunu deyən Həsən Ruhani Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayaraq bu layihə ilə bağlı görülən işlərin səmərə verəcəyini əminliyini ifadə edib.
Ölkələrimiz arasında istifadə olunmayan potensialın Azərbaycan və İran prezidentlərinin şəxsi təşəbbüsləri və xidmətləri sayəsində artıq aktivləşdirildiyini deyən Həsən Ruhani müştərək iqtisadi əlaqələrin xalqlarımızın rifah halının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyindən danışıb. Səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib.
İran Prezidenti ölkələrimizin turizm potensialından istifadə edilməsinin əhəmiyyətini vurğulayıb, xalqlarımız arasında gediş-gəlişin intensivləşdirilməsi, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.
"Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır deyən Həsən Ruhani iş adamlarına müraciət edərək onları qarşılıqlı layihələrin icrasında fəal olmağa çağırıb.