Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi mövzusunda tədbir keçirilir.
Unikal.org xəbər verir ki, tədbirdə prezidentin içtimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, ölkənin aparıcı KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, tədbiri ona görə indi keçirməyi münasib bildik ki, son aylar ərzində Avropada yaşayan bəzi şəxslər özlərinin sosial şəbəkədəki profilləri vasitəsilə ölkə prezidentinə, onun ailəsinə, Azərbaycanın atributlarına qarşı təhqirlər edirlər. Əlbəttə ki, bütün bunlar seçki ilə bağlıdır. Biz daha öncəki seçkilər ərəfəsindən də bu sayağı mübarizə üsulları ilə tanışıq. Ancaq indi başqa münasibət hakimdir. İndi sanki təhqir, qəzəb, söyüş öz plandadır. Bu makinanı dayandırmaq mümkün deyil. Məqsəd vətəndaş qarşıdurması yaratmaqdır. Biz buna məhəl qoymaya da bilərdik. Çünki Avropanın ölkələrində on minlərlə azərbaycanlı yaşayır. Onlar Azərbaycanın tarixi ilə bağlı həmin ölkənin vətəndaşlarına məlumat verirlər, ölkədəki siyasi vəziyyəti doğru şəkildə anladırlar. Bu yaxınlarda Xocalı soyqırımının il dönümü zamanı keçirilən tədbirlər də göstərdi ki, onlar Azərbaycanı necə sevirlər. Lakin bir qrup adamların videolarına baxanda görürsən ki, bunlar söyüşü əsas mübarizə üsulu kimi seçiblər. Onlar deyirlər ki, biz məhv etməliyik, devirmələyik.
Bizi narahat edən bu sayaq məsələlərdir. Ona görə də biz Azərbaycan jurnalistləri, Azərbaycanı narahat edən bu sayaq addımlarla barışmalı deyilik. Bu, bizim siyasi mübarizə üsullarımıza zidd olan məsələlərdir. Çox sağ olun ki, sosial şəbəkə hesablarınızda, media orqanlarında bu sayaq təhqirlərə doğru reaksiya vermisiniz. Ona görə də sizə təşəkkür edirəm. Bu gün qaldırdığınız məsələ cəmiyyətdə barışın qorunub saxlanması üçün çox aktualdır".
Prezident köməkçisi Əli Həsənovun məsələ ilə bağlı mövqeyi çox sərt olub: "Son günlərin müzakirələri həm də xaricdə oturub antiazərbaycan dairələrin aləti qismində çıxış edənlərin, söyüş makinasına yem olanların iç üzünü də açdı və cəmiyyətə tanıtdırdı. O da göründü ki, Azərbaycanın daxilində oturub çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq Prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb - hədəf sadəcə Prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən- Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb - hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən "virtual İŞİD adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin "ağsaqqalları tərəfindən dolayısı ilə etiraf olunur".
Tədbirdə daha sonra çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycanda mətbuat və söz azadlığı var: "Hər kəs sosial şəbəkədən rahat şəkildə istifadə edir. Ancaq biz jurnalistlər bu söyüş və təhqirlərin qarşısını almalıyıq. Azərbaycandan kənarda xeyli insan yaşayır. Onlar gərək Azərbaycan xalqının milli mənəvi dəyərlərini unutmasınlar. Xalqımızın torpaqlarının azadlığı uğrunda gedən şərəfli mübarizəsi var. Kim bu mübarizənin yanında deyilsə, deməli xalqımızın düşmənidir. Gedib orada diaspora qoşulmaq, Azərbaycanın ədalət uğrunda apardığı mübarizəyə dəstək vermək lazımdır. Bundan əlavə biz bu il Cümhuriyyətimizin yaranmasının 100 ilini qeyd edəcəyik. Cümhuriyyəti quranlar Azərbaycan üçün böyük iş görüblər, eyni zamanda mühacirətdə olublar. Lakin onların yazdıqları məqalələrdə bir dənə də olsun təhqir yoxdur. Söyüş heç zaman siyasi mübarizə üsulu olmayıb. Əgər sən söyüş söyürsənsə deməli əlində heç bir fakt yoxdur, heç bir savadın yoxdur. Mən bir jurnalist, deputat kimi bu cür mübarizə metoduna qarşıyam. Bu cür mübarizə aparanlara qarşı birləşməliyik".
Çıxış edən deputat Aqil Abbas bildirib ki, parlamentdə də bu məsələni qaldırıb:
"Dostlar, əgər birimiz Amerikanın, İngiltərənin əleyhinə bir kəlmə yazsaq, onların buradakı səfirləri adamın ciyərini çıxarar. Mən " Azadlıq" qəzetində çıxış edirdim dedim ki, Amerikanın əleyhinə danışsam verəcəksiniz dedilər ki, yox. Necə olur ki, Fransada, Hollandiyada desək ki, erməni soyqırımı olmayıb bizi tutub həbs edəcəklər. Bəs necə olur ki, bu ölkələrdə bizi təhqir edirlər. Bizim hüquq mühafizə orqanları araşdırmalıdır ki, onlara buradan məlumat verənlər, dəstək olanlar kimlərdir. Onlar mat vəziyyətdə qalıblar. Seçki irəli çəkildi və onlar Milli Şura, "Milyarderlər İttifaqı" kimi qurumlar yarada bilmədilər. Ona görə də bu cür üsullara əl atırlar".
Qeyd edək ki, tədbirdə digər natiqlərdə çıxış edərək sözügedən məsələyə münasibət bildirib və ölkə prezidenti, onun ailəsinə, Azərbaycanın atributlarına qarşı təhqir edənləri düzgün yola çağırıblar.