Stokholmun "Globe" arenasında "Eurovision-2016" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən Səmra Rəhimli 14 nömrə altında "Miracle" mahnısını ifa edib. Birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Səmra Rəhimlidən başqa yarımfinalda Ukrayna, Macarıstan, Yunanıstan, Rusiya, Niderland, Ermənistan, Moldova, San-Marino, Finlandiya, Xorvatiya, Avstriya, Bosniya və Herseqovina, İslandiya, Kipr, Monteneqro, Çexiya və Estoniyanın nümayəndələri çıxış edirlər.
Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.
Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
61-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.