"Şəxsi məsələləri kənara qoymalıyıq. Mən də hesab edirəm ki, bu seçim doğru seçimdir". 
 
Bu fikirləri Sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Unikal.org-a açıqlamasında bildirib.
O qeyd edib ki, hər kəs  dövlət başçısının qərarlarına hörmətlə yanaşmalıdır: "Mən hər zaman demişəm ki, təhsil ölkənin böyük bir hissəsidir. Ölkənin durumu necədirsə, təhsilin də vəziyyəti elədir. Məndən sonra nazir vəzifəsinə təyin edilmiş adam çox yüksək intellektə malik olan bir insandır. Biz onunla ara-sıra görüşürük. Çox yaxşı münasibətlərimiz var. Mən universitetdə rektor olan zaman o bizim universitetin tələbəsi olub. Bu yaxınlarda mənə dedi ki, "Misir müəllim Siz mənim diplomuma qol çəkmisiniz". Mən onu ilk dəfə təbrik edən adamlardan olmuşam. Ona uğur arzulamışam. Biz hər birimiz dövlət başçısının qərarlarına hörmətlə yanaşmalıyıq. Şəxsi məsələləri kənara qoymalıyıq. Mən də hesab edirəm ki, bu seçim doğru seçimdir. İndiki nazirə gələcək işlərində daha böyük uğurlar arzulayıram".