11 apreldə keçiriləcək prezident seçkilərində "Els Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way təşkilatı ilə birlikdə "exit-poll keçirəcək.
Seçkiləri 1000-ə yaxın beynəlxalq, 60 minə yaxın isə yerli müşahidəçi izləyəcək. Səsvermə prosesini gün ərzində MSK-nın saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir.
Seçkidə 5 milyondan çox Azərbaycan vətəndaşı səs vermək hüququna malikdir. Onlardan 102 mindən çoxu ilk dəfə səs verəcək.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Azərbaycan mediası sabahkı prezident seçkilərini işıqlandımağa tam hazırdır: "Əminəm ki, sabah seçki məntəqələri açılan zaman Azərbaycan jurnalistləri üzərilərinə düşən vəzifələri yetirməyə çalışacaqlar. Seçkiləri kifayət qədər əhatəli işıqlandıracaqlar. Topladıqları materialları çalışdıqları Kütləvi İnformasiya Vasitələrində yerləşdirəcəklər. Bundan əlavə, dünyanın tanınmmış KİV-lərinin əməkdaşları da sabah Azərbaycanda keçiriləcək prezident seçkilərini işıqlandıracaqlar.
Sechki-2018.az-ın xəbərinə görə, Mətbuat Şurasının sədri birmənalı olaraq bildirib ki, jurnalistlər seçkilərin işıqlandıırılması ilə bağlı heç bir problemlə qarşılaşmayacaqlar: "Amma hər ehtimala qarşı Azərbaycan Mətbuat Şurası əvvəlki illərdə olduğu kimi, bu dəfə də seçki günü "Qaynar xətt təşkil edəcək. Harada olmağından asılı olmayaraq, hətta ən ucqar kənddə belə hansısa jurnalistə qarşı müəyyən anlaşılmazlıq olsa, jurnalistin məlumat toplamasında məhdudiyyət yaransa, onlar birbaşa olaraq "Qaynar xəttə müraciət edə bilərlər. Mətbuat Şurası həmin problemi yerindəcə həll etməyə çalışacaq.
Ə.Amaşov deyib ki, seçki günü Mətbuat Şurasının İdarə Heyətinin üzvləri dairələrdə və məntəqələrdə jurnalistlərə yaradılmış şəraitlə yaxından tanış olacaq: "Mətbuat Şurası eyni zamanda Azərbaycan mediasında seçkilərin işıqlandırılması ilə bağlı monitorinq keçirir. Bu monitorinqə 7 televiziya, 15 qəzet, 10 informasiya agentliyi və xəbər portalları daxildir. Həmin KİV-lərdə seçkilərə nə qədər yer verildiyi, prezidentliyə namizədlərə və onların tərəfdarlarına necə yanaşıldığı araşdırılır. Yəqin ki, seçkidən 1 gün sonra Mətbuat Şurası həmin monitorinqin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək.