Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışında Quran hədiyyə edilib.
Unikal.org-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Yasamal rayon sakini Xanmirzə Bağırov deyib:
-Cənab Prezident, icazə verin, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edək və Azərbaycan Respublikasının bütün vətəndaşlarının, o cümlədən biz dindarların hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətinizdə Sizə uğurlar arzulayaq.
Cənab Prezident, hamımıza məlumdur ki, Hacı Cavad məscidinin yenidən daha da müasir və möhtəşəm memarlıq kompleksi kimi inşa edilməsi bilavasitə Sizin xüsusi Sərəncamınızla mümkün olub. Qısa bir zamanda bu gözəl məscidin dindarların istifadəsinə verilməsi Sizin və Mehriban xanımın diqqətinin nəticəsidir. Ona görə də biz, cənab Prezident, dindarlara yaradılan bu şəraitə görə icma adından, ağsaqqallar adından Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyev: Çox sağ olun.
İcmanın nümayəndələri: Çox sağ olun.
Milli mənəvi və dini dəyərlərimizə göstərdiyi qayğıya görə dövlətn başçısına təşəkkür edən rayon sakini Əbdüləhəd Tağıyev deyib:
- Arzu edirik, inşallah, o günlər olsun ki, Sizin rəhbərliyiniz altında bu dəfə seçildiyiniz müddətdə bizim hamımızın arzusu olan Qarabağ işğaldan azad edilsin, oradakı məscidlər bərpa olunsun və orada bu cür görüşlər keçirək. Bu, ən böyük arzumuzdur. Sağ olun. Sizi Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edirik.
Prezident İlham Əliyev: İnşallah. Çox sağ olun.