Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında statistik məlumatları açıqlayıb.
Mərkəzdən unikal.org-a verilən məlumata görə, DİM aprelin 1-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbulun baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanını keçirib.
İmtahanda iştirak etmək üçün ərizə vermiş 1092 namizəddən 17 nəfəri imtahana gəlməyib, 1 namizəd isə imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. İmtahanda 605 namizəd (ATU-nun hərbi tibb fakültəsinə sənəd verənlər istisna olmaqla) müsabiqə şərtini ödəyib (40 və daha çox bal toplamış) və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ qazanıb. Ən yüksək nəticə (toplanılması mümkün olan 100 baldan) müalicə işi, pediatriya istiqaməti üzrə 84 bal, stomatologiya istiqaməti üzrə 73 bal, tibbi profilaktika istiqaməti üzrə 75 bal olub.
Namizədlərə baza fənləri - insan anatomiyası, histologiya, insan fiziologiyası, patologiya (patoloji anatomiya, patoloji fiziologiya), mikrobiologiya, farmakologiya və biokimya - üzrə 100 test tapşırığı təqdim olunub. İmtahanda istifadə olunan 100 (yüz) test tapşırığından 10-u (İnsan fiziologiyası fənni və Patologiya bloku üzrə) açıq formalı (hər blok üzrə ayrılıqda 2-si uyğunluğun müəyyən edilməsini tələb edən, 3-ü isə seçim tipli) olub. Namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilib, səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərməyib.
2017-ci illə müqayisədə 2018-ci ildə müalicə işi, pediatriya və stomatologiya istiqamətləri üzrə müsabiqə şərtini ödəyən (40 və daha çox bal toplamış) namizədlərin sayı azalıb, tibbi profilaktika istiqaməti üzrə isə artıb.
Qeyd edək ki, rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) Bakı və Naxçıvan şəhərlərində iyulun 8-də keçiriləcək. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün namizədlər iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər.