Şəmkirdə evakuator sürücüsü qaydanı kobud şəkildə pozaraq digər sürücülər üçün təhlükə yaradıb.
Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, qayda pozuntusunu Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində arxada hərəkətdə olan avtomobilin sürücüsü qeydə alıb.
Görüntülərdən də aydın olur ki, həmin nəqliyyat vasitəsinin sürücüsü evakuatorun yük yerinə istismara yararsız avtobusu qoyaraq daşıyır. Məsələ burasındadır ki, daşınan yük avtomobilin bort hissəsindən nəzərdə tutulan ölçüdən kənara çıxıb.
Görüntülərlə tanış olan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, sürücü belə vəziyyətdə "Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsini, yəni yükdaşıma qaydalarını kobud şəkildə pozub.
Nəticədə də həmin yolda olan nəqliyyat vasitələrinin sürücüləri üçün təhlükəli vəziyyət yaranıb.
"Yol hərəkəti haqqında" qanuna görə, belə sürücünü yol polisi 40 manat miqdarında cərimə edə bilər.