Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq Bayıl yamacındakı sürüşmə zonasında baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evlərində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilib.
Unikal.org-un məlumatına görə, bu barədə Səbail Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.
Qeyd olunub ki, 2018-ci ilin yanvar ayında atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpmış, 10 fevral 2018-ci il tarixində isə bu ərazidə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində 4 fərdi yaşayış evi tam, 2 fərdi yaşayış evi isə qismən dağılıb.
Sakinlərin təhlükəsizliyinin təminatı üçün Səbail Rayon İcra Hakimiyyətində Xüsusi Qərargah yaradılıb və onlar təhlükəli ərazidən köçürülüblər.
Vətəndaşların problemlərinin həlli ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ərazidən köçürülmüş 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqlarının ödənilməsinə vəsait ayrılıb.
O da bildirilib ki, hazırda sürüşmə ərazisində mütəxəssislər tərəfində araşdırmaların aparılması davam edir və onların rəyinə əsasən bu ərazidə yerləşən tikililərin gələcək taleyi müəyyən olunacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.