Türkiyənin Ordu vilayətində 75 yaşlı qadın ərini bıçaqla qətlə yetirib. Müxbirlərə dediyi sözlərlə hamını təəccübləndirib.
Unikal.org xəbər verir ki, Səmra Özata hadisəni işıqlandıran müxbirlərə qeyri-adi açıqlama verib. "Həmişə kişilərmi öldürəcək? Bir dəfə də arvad öldürsün" deyən qadın həyat yoldaşını mübahisə zamanı bıçaqlayıb.
Hadisə şahidlərinin dediyinə görə, Özatalar ailəsində səs-küylü mübahisələr tez-tez baş verib. Bu, Səmra Özatanın sayca ikinci evliliyi olub. Onun birinci evlilikdən 19 yaşlı qızı Tellanur da onlarla birgə yaşayıb. Ər və arvadın sonuncu mübahisələri zamanı qadın bıçağa əl atıb. Rəcəb Özatanın ikinci evliliyi ona həyatı bahasına başa gəlib. Səmra Özata özü təcili yardıma zəng edərək ərini bıçaqladığın bildirib.
Hadisə yerinə təcili yardım həkimləri və polis məmurları gəlib. "Mən öldürməsəm, o öldürəcəkdi" deyən qadın şübhəli şəxs kimi həbs edilib. Hadisə yerinə çağrılan təcili tibbi yardım briqadası Rəcəb Özatanın bədənində 15-dən çox bıçaq yarası aşkar edib. Xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb.
Həbs edilən Səmra Özata yalnız qızı Tellanur üçün peşman olduğunu deyib. Hadisədə şübhəli bilinən Tellanur Özata da həbs olunub.
Sonuncu dəfə bənzər hadisə Qaziantep şəhərində baş verib. Həyat yoldaşı ilə dalaşan kişi 9 nəfəri qətlə yetirib Yusif T. adlı şəxs boşanmaq istəyən 21 yaşlı həyat yoldaşı Tuba T.nin qaldığı xalasının evinə gəlib.
O, 6 aydır ayrı yaşadığı həyat yoldaşı ilə barışmaq istəyib. Lakin cütlük arasında mübahisə düşüb. Özü ilə ov tüfəngi götürən şəxs qarşısına çıxan hər kəsi güllələyib. Həyat yoldaşının xalasının evində o, 4 nəfərin həyatına son qoyub. Ölənlər Tuba T., xalası 39 yaşlı Şenel Çakmak, 16 yaşlı Ahmet Çakmak və 23 yaşlı Duran T. olub. Daha iki nəfər isə yaralanıb.
Ər şiddətinin qurbanı olan gənc qadının bu hadisədən az öncə ərindən polisə şikayət etdiyi, qorunması üçün tələb irəli sürdüyü bəlli olub.
Silah səsləri eşidən qonşular dərhal polisə məlumat veriblər. Polis hər yerdə Yusif T.ni axtaran bir zamanda hadisə yerindən 6 km aralıdakı bir evdə daha 5 nəfərin cəsədi tapılması barədə məlumat daxil olub. Yataqlarında öldürülən şəxslərlə gənc ailə başçısının qətlə yetirdiyi şəxslər arasında əlaqə olub.
Polisin ilkin versiyasına görə, cinayət törətdiyi məhəllədən qaçan Yusif yaxınlıqdakı məhəllədə əmisinə məxsus evdə daha 5 nəfəri öldürüb. Onun qətlə yetirdikləri isə özünün əmisi, onun həyat yoldaşı və övladlarıdır.