Üzüm bağlarının hər hektarına görə gübrə və pestisid üçün ödənilən subsidiya məbləğinə yenidən baxılacaq.
Unikal.org-un məlumatına görə, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramında əksini tapıb.
Proqrama əsasən Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyinə 2020-ci ildə üzüm bağlarının hər hektarına görə gübrə və pestisid üçün ödənilən subsidiya həcminin qiymətləndirilməsi tapşırılıb. Eyni zamanda İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Banka 2018-2025-ci illərdə şərabçılıq sahəsinə yönəldilən güzəştli kreditlərin həcminin artırılmasını təmin etməlidir.
Proqramda qeyd edilib ki, aparılan təhlillər istehsalın həcmi ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından dəfələrlə az olduğunu göstərir. Mövcud vəziyyətə, ilk növbədə, şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması təsir edir. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən subsidiya məbləğinin kompensasiya payı isə son qiymətlərin formalaşdırılmasında hər zaman yüksək deyil. O cümlədən maliyyə resurslarının çatışmazlığı və şərab istehsalçılarının zəruri maliyyə mənbələrinə çıxışının lazımi səviyyədə olmaması da şərab istehsalı müəssisələrinin potensialının maksimum səviyyədə reallaşdırılmasına imkan vermir.