"Meşələrdəki yanğınların baş verməsində vətəndaşların da rolu az deyil.
Unikal.org xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.
Departament bildirib ki, əhali istirahətə getdiyi zaman meşələrdə ocaq qalayır, bu isə sonradan böyük miqyaslı yanğınlara səbəb olur: "Vətəndaşlar meşələrdə istirahət məqsədilə tonqal yandırırlar, uşaqların əllərinə oyuncaq kimi kibrit verirlər. Nəticədə meşə yanğınları baş verir. Bundan başqa, biz hər il taxıl biçinindən sonra kövşənlərin yandırılmaması ilə bağlı xəbərdarlıq edirik. Lakin buna da riayət edilmədiyinin şahidi oluruq.
Qurum rəsmisi ötən il baş verən meşə yanğınlarından da danışıb: "Ötən il havaların quraq keçməsi nəticəsində Oğuz və Qəbələdə uzun müddətli meşə yanğınları baş verdi. Mən Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının fədakarlığını xüsusi qeyd etməliyəm. Yerli əhali isə meşə yanğınlarının söndürülməsi zamanı tamaşaçı mövqeyini tutur. Bu, təəssüf doğurur".