Rusiyada "O bizim üçün çar deyil şüarı altında keçirilən etiraz aksiyalarında azı 1000 nəfər saxlanılıb.

Unikal.org-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, saat 17.00-a olan məlumata əsasən, ən çox etirazçı - 574 nəfər paytaxt Moskvada saxlanılıb. Çelyabinskdə 164, Yakuskda - 75, Tolyattidə - 63, Sankt Peterbuqda - 53, Krasnodarda isə 49 etirazçı saxlanılıb.

Krasnoyarsk, Novokuznetsk, Kaluqa, Samara, Barnaul, Penza, Kemerovo, Voronej, Tver, Kurqan, Yekaterinburq, Blaqoveşensk və Tomskda da saxlanılanların olduğu bildirilir.

20:34

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində icazəsiz keçirilən etiraz aksiyasında polis Aleksey Navalnını saxlayıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, saat 15:00-da Moskvada Puşkin meydanında razılaşdırılmamış aksiya başlayıb. A.Navalnı da aksiyaya qatılıb, ancaq tezliklə polis tərəfindən saxlanılıb.

Moskva polisi Rusiya paytaxtının Puşkin meydanında razılaşdırılmamış mitinq iştirakçılarından 300 nəfərin saxlanılması barədə məlumat yayıb.

Saxlanılanlar polis şöbələrinə çatdırılıblar.

Qeyd edək ki, bu gün Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları tərəfindən icazəsiz mitinqlər keçirilir.

Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı kimi təntənəli andiçmə mərasimi olacaq.