Bir neçə gündür sosial şəbəkələrin gündəmini Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi xəbəri zəbt edib.
Məsələnin nə dərəcədə doğru olmasını öyrənmək üçün Ağadadaş Kərimovla əlaqə saxlanılıb.
Unikal.org xəbər verir ki, diaspor sədrinin Real TV-yə verdiyi açıqlamaya görə, yayılan xəbərlər doğrudur və özü qızını erməni milliyətindən olan şəxsə ərə verdiyinə görə heç də peşiman deyil:
"Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər. Bu normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir. Oğlan burada anadan olub. Erməni dilində danışa da bilmir. KVN-də iştirak edib, qızım da ora gedib-gəlirdi. Orada tanış olublar, - deyə Ağadadaş Kərimov bildirib.
O deyir ki, 35 ildən çoxdur ki, Rusiyada yaşayır. Övladları da burada anadan olub, böyüyüb. Lakin, tez-tez Azərbaycana gedirlər.
Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızını erməni biznesmenə ərə verib.