"Serj Sarkisyanın istefası bir az gec oldu. Mən onun istefasını daha tez gözləyirdim".
Unikal.org-un xəbərinə görə, bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
B. Səfərov bildirib ki, Sarkisyan təkcə Azərbaycanın yox, həm də erməni xalqının düşmənidir: "Sarkisyanla Köçəryan hakimiyyəti əldən verməmək üçün düşmənçilik mövqeyi tutaraq, ermənilərin bu gün səfalət içərisində yaşamasının səbəbkarıdırlar. Sarkisyan bizim düşmənimizdir. Xocalıda günahsız insanların ölümünə bais olub, əlləri qana batıb. Özləri də bunu etiraf ediblər. Gün gələcək törətdikləri cinayətə görə məhkəmə qarşısında cavab verəcəklər".
"Ermənistan bu dəqiqə elə vəziyyətdədir ki, heç nəyə təsir edə bilməz".
B. Səfərov bildirib ki, Ermənistan öz başının hayındadır.
"Ermənistan hələ öz başına bir çarə tapsın, ölkə daxilində sabitlik yaratsın, sonra nəyəsə təsir edər. 26 ildir, erməni xalqının başına müsibətlər gətirilir, ac-yalavac yaşayırlar. Dünyanın inkişaf etdiyi XXI əsrdə daxili şəraitinə diqqət ayırsınlar, sonra Qarabağ haqqında iddialar olsun. Ermənistanın Qarabağla bağlı heç bir iddiası ola bilməz. Bütün dünya ictimaiyyəti bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir", - deyə B. Səfərov əlavə edib.