Mayın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarında bir neçə yataqxana və inzibati binalarda məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Komitədən Unikal.org-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub.
Prezident İlham Əliyevin hər zaman qaçqın və məcburi köçkünləri diqqətdə saxladığını vurğulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, onların həyat şəraitinin daha da yaxşılaşdırılması yönündə ölkə başçısı tərəfindən davamlı olaraq böyük işlər görülür. O, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını diqqətə çatdırıb.
Bildirib ki, öncə qəzalı binalarda, ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemləri mərhələli şəkildə həll ediləcək. R.Rzayev digər rayonlarda da məcburi köçkünlərlə bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, Nərimanov, Binəqədi və Xətai Rayon İcra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.