Ermənilər xarici turistləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Ermənistan hökuməti işğal etdiyi Azərbaycan torpaqlarında memarlıq nümunələri sayılan binaları təmir edərək otel kimi istifadəyə verirlər. Bədnam qonşularımız gələn turistlərə Azərbaycanın tarixi abidələrini, memarlıq nümunələrini və yeməklərini özününkü kimi təqdim edirlər. Ermənistan hökuməti Kəlbəcər, Ağdərə, Xocavənd, Şuşa və Xankəndində turizmin inkişafı üçün investisiya qoyur, hər il yeni-yeni otellər, hostellər istifadəyə verirlər. Bu otellərdən "Shushi Grand Hotel, "Shushi Hotel , "Avan Shoushi Plaza, Armen and Christina's B&B, "Europa otel Artsakh, "Nairi international Otel daha çox turist qəbul edir.
Bundan başqa, ermənilər buradakı boş azərbaycanlı evlərini təmir edib, turistlərə icarəyə verərək gəlir əldə edirlər. Xankəndində olan "Nelly's Guesthouse Stepanakert, "Sofia hostellərində bir günün qiyməti 13-38 dollar, Şuşa şəhərində yerləşən hosteldə bir günlük qiymət 36 dollardır. Laçın şəhərində "Berdzor Guesthouse və "Hostel in Berdzor hostelləri fəaliyyət göstərir. Ermənilər Laçında və digər ərazilərimizdə yalançı tarix muzeyi yaradaraq gələn xariciləri təşkil etdikləri turlarla bura gətirərək, maddi mədəniyyət nümunələrini erməni eksponatı kimi təqdim edirlər.
Bu sahədə araşdırmaların müəllifi olan AMEA-nın İnsan Hüquqları İnstitunun əməkdaşı Faiq İsmayılov ermənilərin işğal etdikləri Dağlıq Qarabağda turizmi inkişaf etdirmək üçün tədbirlər gördüyünü və xarici turistləri kütləvi olaraq Qarabağa cəlb etdiklərini təsdiqləyib:
"Qarabağda ermənilər və Ermənistan hökuməti turizm fəaliyyətini genişləndirir. Onlar reklamlara çox böyük məbləğdə pullar xərcləyirlər. Yollar çəkdirir, eyni zamanda şəhərlərimizdə olan gözəl məkanlarda abidələrin üzərində bizim lövhələr götürülür, yerinə erməni dilində yazılar yerləşdirilir. Ermənilər bununla Qondarma Dağlıq Qarabağ Respublikasını ayrıca dövlət kimi tanıtmaq istəyirlər. Bura daha çox turistlər ABŞ-dan, Rusiyadan, Fransadan və Böyük Britaniya ölkələrindən gəlir.
Famil Fərhadoğlu