Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müəllimi Zərifə Mansurova rektor Ədalət Muradovun adamları tərəfindən aldadılaraq vəzifəsindən kənarlaşdırıldığını iddia edir.

36 ildir Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müəllimi işləmiş Zərifə Mansurova Unikal.org-a şikayətində iddia edib ki, uzun illərdir ali məktəbdə məşğul olduğu pedaqoji fəaliyətindən səbəbsiz yerə uzaqlaşdırılıb.

O bunun səbəblərini belə izah edib:

"Əvvəlcə xəbərdarlıq edildi ki, guya universitetin rus dili kafedrası bağlanacaq və digər işçilərlə bərabər mən də ixtisar olmalıyam. Amma ərizə yazdıqdan sonra məlum oldu ki, məndən başqa heç kim işdən azad olunmayıb. Universitet rəhbərliyi kafedra müəllimini pensiya yaşına çatmamış, heç bir nöqsan göstərilmədən vəzifəsindən kənarlaşdırıb.

Z.Mansurova kafedradan müəllimlik vəzifəsindən kənarlaşdırıldıqdan sonra, universitetin tərcümə mərkəzində təklif olunan işdən imtina etdiyini də deyib:

"Mənə təklif etdilər ki, tərcümə mərkəzində işləyim. Amma mənim dərs saatlarımı tərcümə mərkəzindən ora gətirilən müəlliməyə əlavə olaraq veriblər. Adını da qoydular ki, imkansızdır. Əgər imkansızdırsa, bəs mən nəyəm? Bu səbəbə təklifdən imtina etdim. Həmçinin, tərcüməçilik diplomum da yox idi. Ayda 315 manat maaşla dolanan adam idim. Amma onlar məni pedaqoji fəaliyyətdən ayırdılar. Əgər mənim nöqsanım var idisə, deyərdiniz də? Bu, olmaya-olmaya məni işimdən ayırdılar. Sizin amacınız nə idi? Mənim yerimi satmaq idi? Yoxsa özünüzə yer düzəltmək idi?.

Zərifə Mansurova qeyd edib ki, hazırda nə pensiya, nə də ki maaş alır: 

"Maddi cəhətdən çox çətin bir durumdayam. Həyatım boyu dərsə gecikmədim, məni kimsə əvəz etmədi. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan bir insanı "vurmaqla nə əldə etdiniz? Əmrimi də çox "bic formada verdilər. Guya rus dili kafedrası bağlanır, ümumiyətlə, işlə təmin oluna bilmərəm.
Şikayətçi müəllimə əlavə edib ki, məsələ ilə bağlı rektor Ədalət Muradovla dəfələrlə görüşməyə cəhd göstərsə də, bu, baş tutmayıb: "Orada çalışan bəzi adamlar buna maneə törətdilər. Məsələ ilə bağlı Təhsil Nazirliyinə də müraciət etdim. Nazirlik mənim rektorla görüşümü təşkil etdi. Görüşə gedəndə Ədalət Muradovun Azərbaycanda olmadığını bildirdilər.

Zərifə Mansurova bütün bu prosedurları keçdikdən sonra çıxış yolunu məhkəmədə görüb və buradan da "yox cavabı aldığını dilə gətirib:



"İşdən çıxarılması ilə bağlı verilən əmrdən Səbayel rayon Məhkəməsinə iddia ərizəsi təqdim etdim. Hakim bəhanə tapıb iddiamı təmin etmədi. Guya, vəsatətimin vaxtını gecikdirdiyimə görə, işə xitam veriblər. Halbuki məhkəməyə müraciət edəndə işdən azad olunmağımın 1 ayı da ötməmişdi.

36 illin müəllimi yenidən pedaqoji fəaliyyətinin bərpa olunacağına da ümidini itirməyib:

"Göydə Allaha, yerdə İlham Əliyevə güvənirəm. Artıq məsələ ilə bağlı ölkə başçısına, I vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışam. Ümid edirəm ki, İlham Əliyev və Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə 1980-ci il avqust ayının 15-dən bu günədək fasiləsiz pedaqoji fəaliyyətim yenidən bərpa olunacaq.