Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti Türkiyənin paytaxtı Ankarada görüşlərini davam etdirir.
Unikal.org xəbər verir ki, səfərin üçüncü günü nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında general-mayor Necdet Tuna, Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Necdet Ünüvarla görüş keçiriblər.
Qazilərimiz Azərbaycan qaziləri Türkiyənin Müdafiə Nazirliyində nazir müavini, əslən azərbaycanlı Şuay Alpayla da görüşüblər.
Nümayəndə heyətini qəbul edən nazir müavini babasının (ana tərəfdən) Xalq Cümhuriyyətinin süqutundan sonra Gəncədə bolşeviklərə qarşı mübarizə aparan qaçaq Məmmədqasım olduğunu deyib:
"Ana tərəfdən əslinin Azərbaycanın Gəncəbasar bölgəsinin Samux rayonundandır. Anamın atası Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycanın müstəqilliyi üçün mübarizə aparıb və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub. 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi Məhəmməd Qasım bəyə tapşırılıb. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra o, silahını yerə qoymur və 1932-ci ilədək dağlara çəkilərək bolşeviklərə qarşı mübarizə aparır, xalq arasında qaçaq Məhəmməd Qasım bəy kimi tanınıb. Sonradan isə bu şəxs Türkiyəyə mühacirət edib".
Nazir müavini babasının Sovet hakimiyyətinin təqiblərindən qurtulmaq üçün Türkiyənin Elazığ şəhərinə mühacirət etdiyini bildirib.
Azərbaycan nümayəndə heyəti görüşlərini İstanbulda davam etdirir.