Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə unikal.org-a DGK-dan məlumat verilib.
İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Öncə həmin şəxs üzərində 1 ədəd sırğa-üzük-kulon dəsti, 2 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd qolbaq olduğunu bildirib və gömrük nəzarətinə bundan başqa bəyan olunası əşyanın olmadığını söyləyib.
Lakin yoxlama zamanı, vətəndaşın üzərində - şalvarının qabaq yuxarı hissəsinə iç tərəfdən alt paltarla bərkidilmiş bir ədəd sellofan büküm aşkar edilib. Həmin bükümün içərisində isə bəzilərinin üzərində qaşlar olan 28 ədəd qolbaq, 28 ədəd boyunbağı, 7 ədəd üzük, 43 cüt sırğa, 1 ədəd sırğa-üzük-kulon dəsti və 12 ədəd sırğa-üzük dəsti aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 486,88 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.