Göyçay şəhərində baldızının nişanlısını öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Pərviz Abdurahmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, Pərviz Abdurahmanov spirtli içki və narkotik vasitələr qəbul etdiyinə görə 2013-cü ildən rəsmi nikahda olduğu arvadı Pərvanə Abdurahmanova ilə aralarında mübahisələr baş verib.
Ailədaxili münaqişə
Bu mübahisələrdən sonra Pərvanə azyaşlı qızı Xədicə Abdurahmanlı ilə Göyçay şəhəri Vaqif küçəsində yaşayan valideynlərinin evinə gedib və geri qayıtmayıb.
Pərviz Abdurahmanov 20 avqust 2017-ci il tarixdə, saat 23 radələrində içkili vəziyyətdə uşağını görmək bəhanəsilə qayınatası Elşən İsgəndərovun evinə gedib. Sonuncu etirazını bildirərək, Pərvizlə mübahisə edib. Qayınatası çubuqla onun kürək nahiyəsinə bir neçə dəfə vurub.
Uşağını istədi, döyüldü və söyüldü
Daha sonra o, qızı Xədicəni götürərək evinə aparıb. Yolda baldızının nişanlısı Müşfiq Əkbərov onunla qarşılaşıb, ailəsi ilə mübahisə etməsinə, qayınatasını və arvadını mütəmadi olaraq narahat etdiyinə görə ona iradını bildirib, uşağı geri verməsini tələb edib.
Bu zaman Müşfiq Əkbərov Pərviz Abdurahmanovu yumruqla bir neçə dəfə vurub. Zərbələrdən biri Pərvizin qucağında olan Xədicəyə dəyib.
Qisas almaq niyyəti
Pərviz Abdurahmanov Müşfiq Əkbərovun onun ailədaxili münasibətlərinə müdaxilə etməsindən, həmçinin azyaşlı qızı Xədicəni vurmasından qəzəblənib. O, qisas almaq niyyətilə Müşfiq Əkbərovu öldürmək qərarına gəlib.
Bu məqsədlə o, yaşadığı evdən bıçaq götürərək yenidən qayınatası Elşən İsgəndərovun evinə tərəf gəlib. O, qayınatasıgilin evinin darvazasının qarşısında Müşfiq Əkbərovla rastlaşıb.
Ürəkdən bir zərbə
Bu zaman Müşfiq Əkbərov Pərviz Abdurahmanovun ünvanına nalayiq ifadələr işlədib, yumruqla bir neçə dəfə onu vurub. Pərviz isə özü ilə götürdüyü bıçaqla Müşfiq Əkbərovun ürək nahiyəsindən bir dəfə vurub. O, hadisə yerindəcə ölüb.
İstintaq orqanı tərəfindən Pərviz Abdurahmanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun məruzəçiliyi ilə araşdırılıb.
"Hər dəfə Pərvanə evdən gedib
Təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz Abdurahmanov bildirib ki, 2013-cü ildə qonşusu olan Göyçay şəhər sakini Pərvanə ilə ailə həyatı qurub, birgə nikahdan Xədicə adlı bir azyaşlı qız övladı var: "Spirtli içki içdiyim, həmçinin narkotik vasitədən istifadə etdiyim üçün Pərvanə ilə aramızda dəfələrlə mübahisə yaranıb və hər dəfə belə hal baş verəndə Pərvanə ata evinə gedib.
Pərviz Abdurahmanovun ifadəsinə görə, 2017-ci il avqustun 16-da yenə də spirtli içki içdiyinə və narkotik vasitədən istifadə etdiyinə görə Pərvanə onunla mübahisə edib və azyaşlı qızını da götürüb, atası evinə gedib: "Avqustun 19-da, saat 22 radələrində qayınatam Elşən İsgəndərovun evinə gedərək qızımı götürüb, evimə gətirdim. Qızımla bir qədər oynadıqdan sonra aparıb yenidən uşağı qayınatamgilə verdim.
"Qayınatam məni çubuqla vurdu
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 20-də, saat 23 radələrində içkili halda qayınatasının evinə gedib: "Yenə də azyaşlı qızımı görmək, həmçinin uşağı evimə aparmaq, ona aldığım paltarı geydirmək istəmişəm. Evin qapısının qarşısına qayınatam çıxdı. Uşağı görmək istədiyimi dedim, qayınatam isə içkili halda olmağıma görə uşağı verməkdən imtina etdi, sonra da mənimlə mübahisə etməyə başladı. Qayınatam əlinə çubuq alaraq bədənimin müxtəlif nahiyələrinə həmin çubuqla bir neçə dəfə vurdu. Həmin vaxt əynimdə olan maykam da cırıldı.
"Yumruq qızıma dəydi
Pərviz Abdurahmanov qeyd edib ki, həyətdəki səs-küyə qonşu Xəyalə gəlib və qayınatasına uşağı ona verməsini, özünün də onunla gedəcəyini və gətirib uşağını onlara təhvil verəcəyini deyib: "Qayınatam Elşən və həyat yoldaşım Pərvanə bundan sonra razılaşdı, uşağı mənə verdi. Mən də uşağımı götürərək, evimə tərəf getdim. Həmin vaxt saat 23.30 olardı. Qayınatam Elşənin darvazasından aralandıqdan sonra yolda baldızım Adilə İsgəndərovanın nişanlısı Müşfiq qarşıma çıxdı. Müşfiq məni görən kimi acıqlı danışaraq, mənə qaynatamgili bezdirdiyimi, uşağı ona verməyim istədi və məni təhqir etdi. O, yumruqla sifət nahiyəmdən vurdu. Bunun Müşfiqə heç bir aidiyyəti olmadığını, ailə məsələm olduğunu, uşağını məndən nəyə görə istədiyini dedim. Bundan sonra Müşfiq məni yenə də yumruqla vurdu. Bu dəfə Müşfiqin zərbəsi qucağımda olan azyaşlı qızım Xədicəyə də dəydi və o ağladı.
"Haqq-hesab çəkmək üçün yenidən geri qayıtdım
Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt anası Bahar və qonşusu Xəyalə orada olub: "Qızım Xədicəni Xəyaləyə verdim və Müşfiqlə dalaşdım. Dalaşarkən şortikim cırıldı, sonra Xəyaləgil bizi aralaşdıraraq evə apardılar. Müşfiqlə mənim həmin mübahisəm təxminən 5 dəqiqə davam etdi. Maykam cırıldığından evdə həmin maykanı dəyişdim. Qısaqol köynəyimi geyindim və evdən bıçaq götürərək qayınatamgilə getdim. Məqsədim qayınatamgili bıçaqla qorxudaraq uşağı götürmək, həmçinin Müşfiqin azyaşlı qızım Xədicəni vurduğuna görə, ondan haqq-hesab çəkmək idi.
"Müşfiqin ölməsi xəbərini eşitdim
Pərviz Abdurahmanov bildirib ki, qayınatasıgilə çatanda qayınatası onun ünvanına qərəzli sözlər işlədib, ondan bezdiklərini, onu tutduracaqlarını deyib: "Həmin vaxt Müşfiq də mənimlə mübahisə etdi, mənə qeyrətsiz olduğumu dedi və nalayiq ifadələrlə təhqir etdi. Müşfiqə qoluna girərək gedib kənarda söhbət etməyi söylədim. Həmin vaxt Müşfiq məni itələyərək yumruq və təpiklə vurmağa başladı, həmçinin Müşfiqin orada olan xalası oğlu Pərviz İsrafilov da arxadan qollarımı tutdu və bundan sonra Müşfiq yumruqla sinəmə, başıma vurmağa başladı. Pərviz qolumu arxadan tutduğundan Müşfiqə təpik atdım. Müşfiqlə Pərvizin bu hərəkətlərindən əsəbiləşdim. Pərvizin əlindən çıxdım və özümlə gətirdiyim bıçaqla Müşfiqin sinə nahiyəsinə bir dəfə vurdum. Vurarkən bıçaq qırıldı, dəstəyi əlimdə qaldı, tiyəsi isə yerə düşdü. Müşfiqi vurduqdan sonra qayınatamın həyətinə keçdim, qızım Xədicəni götürdüm və evimə gedərkən yolda bıçağın dəstəyini tulladım. Evdə uşağa təzə aldığım paltarları geydirdim və uşağı anasına vermək üçün yenidən qayınatamgilə yollandım. Uşağı həyat yoldaşım Pərvanəyə verdim və oradan da polis əməkdaşları ilə polis şöbəsinə getdim. Bundan sonra Müşfiqin xəstəxanada ölməsi xəbərini eşitdim.
"Oğlumun ölməsi xəbəri verildi
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Nizami Əkbərov bildirib ki, avqustun 21-də, gecə yarısı qonşusu Elşən ona zəng edib və oğlu Müşfiqə bıçaqla xəsarət yetirildiyini və xəstəxanada olduğunu deyib: "Müşfiqin evdən çıxdığından xəbərsiz olduğumdan Elşənə oğlumun digər otaqda yatdığını bildirdim. Elşən isə qorxulu bir şey olmadığını, durub xəstəxanaya gəlməyimi və gələndə oğlumun şəxsiyyət vəsiqəsini də gətirməyimi istədi. Bundan sonra həyat yoldaşım Məlahətlə birlikdə xəstəxanaya gəldik. Orada Elşən Müşfiqin Pərviz Abdurahmanov tərəfindən bıçaqlandığını dedi. Bundan sonra isə bizə oğlumun ölməsi xəbəri verildi.
"Oğlum nişanı qaytarmaq istəyib
Nizami Əkbərov qeyd edib ki, mərhum oğlu Müşfiq qonşusu Adilə ilə 2017-ci ilin fevral ayında nişanlanıb: "Nişanlandıqdan sonra ailələrimiz arasında hər hansı problem olmayıb, münasibətlərimiz yaxşı olub. Nişanlandıqdan sonra oğlum mənə nişanlısı ilə aralarında hər hansı problem olması barədə heç bir söz deməyib. Ancaq 2017-ci ilin martından başlayaraq oğlum tez-tez anasına nişanlısı Adilə ilə münasibətlərinin alınmadığını, nişanı qaytarmaq istədiyini bildirib. Bu barədə arvadım özü mənə deyib. Məlahət bunu mənə deyəndə, nişanı qaytarmağın yaxşı şey olmadığını, Elşəngilin ailəsi ilə qonşu olduğumuzu, buna görə də nişanı qaytarmaq fikrindən daşınmasını demişəm.
"Müşfiqə xalası oğlunun onu istədiyini deyib
Nizami Əkbərov bildirib ki, avqustun 20-də axşam saatlarında Elşən və arvadı Sevinc onlara qonaq gəliblər: "Elşənlə həyətdə oturub söhbət etdik. Bundan əvvəl Məlahət mənə dedi ki, Adilə ilə Müşfiq arasında narazılıq olub, Adilə Müşfiqə onunla nişanlandıqdan sonra xalası oğlunun onu istədiyini deyib. Bu da Müşfiqi çox əsəbiləşdirib. Müşfiq özü mənə bu barədə deməsə də, anasına bu barədə danışıb. Buna görə Elşənə oğlumun nişanı qaytarmaq istədiyini demişəm. Elşən təəccüblənərək məndən bunun səbəbini soruşdu. Mən də səbəbini qızı Adilədən soruşmasını dedim. Həmçinin artıq toyun vaxtını təyin etdiyimizi, Elşənə oğlum Müşfiqin nişanı qaytarmaması üçün çalışacağımı söylədim. Sonra Elşəngil getdi, həyat yoldaşım Məlahət də mənə Adilənin anası Sevincə Müşfiqin nişanı qaytarmaq istəyi barədə bildirdiyini dedi. Sonradan bildim ki, həmin gecə Pərviz Elşənin evinə gəlib, uşağını istədiyi üçün aralarında mübahisə yaranıb, Adilə oğlum Müşfiqə zəng vuraraq gəlib, onları aralamasını deyib.
Nizami Əkbərov qeyd edib ki, oğlu ilə Pərviz arasında heç bir mübahisə olmayıb, şəxsi münasibətləri normal olub, hadisə yerinə oğlu nişanlısının çağırışına əsasən, Pərvizi qeyri-qanuni əməllərdən çəkindirmək üçün gedib: "Hesab edirəm ki, oğluma qarşı törədilmiş əməl Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə tövsif olunmalıdır.
"Oğlumdan canını qurtaracağını yazıb
Nizami Əkbərov Pərvizə ən ağır cəza verilməsini məhkəmədən xahiş edib. Həmçinin ifadəsində Elşənin əvvəllər bir neçə dəfə qızı Adilənin toyundan sonra digər qızı Pərvanə ilə Pərvizi boşatdıracağını dediyini, oğlu Müşfiqlə nişanlısı Adilənin Vatsap proqramı vasitəsilə yazışmalarının surətini çıxartdırdığını göstərib: "Həmin yazışmalarda Adilə oğlumu təhqir edib. Adilə hadisə günü yazışmalarda "bu gün ondan canını qurtaracağını yazıb.
"Əsəbi halda uşağı qucağımdan götürmək istədi
Cinayət işi üzrə şahid qismində ifadə verən Pərvanə Abdurahmanova bildirib ki, Pərvizlə 2013-cü ildə ailə qurub və birgə nikahdan Xədicə adlı bir azyaşlı qızları var: "Pərvizlə ailə quranda münasibətlərimiz yaxşı olub. Lakin Pərviz son zamanlar narkotik vasitələrdən istifadə etdiyinə görə, ata evinə qayıtmışam. Avqustun 19-da axşam saatlarında Pərviz bizə gələrək uşağı görmək istədiyini dedi. Biz də uşağı Pərvizə verdik. Pərviz uşağı evə apardı və 10-15 dəqiqə oynadıqdan sonra gətirdi. Ertəsi gün, saat 23 radələrində Pərviz yenidən içkili halda bizə gəldi, uşağı aparmaq istədiyini dedi. Atam isə Pərvizin içkili olduğunu gördü və səhəri gün gələrək uşağını aparmasını söylədi. Lakin Pərviz əsəbi halda evə daxil olaraq uşağı qucağımdan götürmək istədi. Pərvizin mənə hücum etdiyini görən atam həyətdə olan nar çubuğu ilə Pərvizin kürəyinə bir neçə dəfə vurdu, 102 xidmətinə zəng edib, polis çağırdıq.
"Bacım nişanlısına zəng etdi
Pərvanə Abdurahmanova qeyd edib ki, atası Pərvizi vuran vaxt onun maykası cırılıb: "Bundan sonra həyətə qonşumuz Xəyalə gəldi, Elşənə uşağı Pərvizə verməsini, özü də Pərvizlə birlikdə uşağı aparacağını və yenidən onlara verəcəyini söylədi. Bundan sonra Pərviz uşağı da götürərək getdi. Həmin vaxt bacım Adilə nişanlısı Müşfiqə zəng edərək, evə çağırdı ki, Pərvizi sakitləşdirsin. Pərviz darvazadan təxminən 30 metr aralandıqdan sonra küçədə qarşısına Adilənin nişanlısı Müşfiq çıxdı və onlar yolda yaxalaşdılar. Həmin vaxt Pərvizin arxası mənə tərəf idi, Pərvizin qucağında uşağı olduğu halda Müşfiq ona bir dəfə yumruqla zərbə endirdi. Pərviz də uşağı Xəyalənin qucağına atdı və onlar dalaşdılar. Sonra diqqətim uşağında olduğu üçün Müşfiqin Pərvizi vurub-vurmadığını görməmişəm.
"Müşfiqin ölməsi xəbərini eşitdik
Pərvanə Abdurahmanovanın sözlərinə görə, həmin vaxt uşağını Xəyalədən götürüb və ata evinə geri qayıdıb: "Evdə uşaq ağlayaraq Müşfiqin onu vurduğunu dedi. Mən də uşağın alnında qaraltı və boğazında sıyrıq olduğunu gördüm. Evə gəldikdən sonra atam Müşfiqi həyətimizə gətirdi. Bu zaman Müşfiq Göyçay rayon polis şöbəsində işləyən xalası oğlu Pərviz İsrafilova zəng edərək, gəlməsini, bu gün burada ya onun, ya da Pərvizin öləcəyini dedi. Pərviz İsrafilov gəldikdən sonra isə Pərviz Abdurahmanov yenidən bizə gəldi. Bu zaman atam Elşən və Müşfiq küçəyə çıxdı. Mən, bacım Adilə, anam Sevinc həyətdə qaldıq. Küçədə Müşfiqlə Pərvizin söyüşmə səsləri eşidilirdi. Bir az sonra Pərviz həyətə daxil olaraq Müşfiqi bıçaqladığını dedi. Bundan sonra Pərviz qızım Xədicəni götürərək getdi. Həmin vaxt Pərvizin əynində olan köynəyin yaxası cırılmışdı. Bir qədər sonra isə Müşfiqin xəstəxanada ölməsi xəbərini eşitdik.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abdurahmanov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Pərviz Abdurahmanov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Pərviz Abdurahmanovun şikayəti Şəki Apelyasiya Məhkəməsində hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Pərviz Abdurahmanovun apelyasiya şikayəti təmin olunmayıb.