"Ötən il büdcə gəlirlərinin 46,8%-i ilin I yarısında, 53,2%-i II yarısında təmin olunub.
Unikal.org xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
V. Gülməmmədov bildirib ki, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub, 7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib: "Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb. Ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlər azalıb, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları isə artıb. Əvvəlki illə müqayisədə yerli və mərkəzləşdirilmiş gəlirlərdə azalma olsa da, proqnoza qarşı mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər isə artıqlaması ilə təmin olunub. 2017-ci ilin sonuna dövlət borcunun ümumi məbləği 17 milyard manat, 2017-ci il üzrə ÜDM-ə nisbəti 24,3 faiz, adambaşına düşən borc isə manat ifadəsi ilə 1718,3 manat təşkil edib. Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ümumi dövlət borcu məbləğinin 93,9%-i xarici dövlət borcuna, 6,1%-i daxili dövlət borcuna aid olub. Hesabat ilində daxili borcun ÜDM-ə faiz nisbəti 1,5 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin ixraca nisbəti 6,4 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin dövlət büdcəsinin gəlirlərinə nisbəti 9,2 faiz təşkil etməklə qəbul olunmuş sərhədlərdən də aşağı olub", - deyə V. Gülməmmədov vurğulayıb.