Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilən müşahidələr zamanı bir sıra rayon və şəhərlərin istirahət parklarında dekorativ bəzək ağaclarında və iynəyarpaqlı ağaclarda unlu yastıcalar aşkar olunub.
Unikal.org xəbər verir ki, Dövlət Xidmətinin mütəxəssislərinin tövsiyyələri əsasında sirayətlənmiş ərazilərdə mübarizə tədbirlərinə başlanılıb.
Unlu yastıcalar əsasən alma, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, əncir, çəkil, sitrus meyvələri, cökə və dekorativ bəzək ağacları, yemişan, gül, ümumilikdə 250-dən çox bitki ilə qidalanırlar və ildə 2-3 nəsilvermə qabiliyyətinə malikdirlər.
Bu zərərvericilər uzaq məsafələrə əsasən əkin materialı və meyvələr üzərində insan tərəfindən daşınır. Beynəlxalq ticarətdə, eləcə də bağlar salınarkən bu amilə diqqət yetirilməlidir. Yaxın məsafələrə digər fərqli yollarla da yayıla bilirlər. Gəzən sürfələr sirayətlənmiş ağaclarla təmasda olan budaq və yarpaqlardan keçərək digər bitkilərə də yayılırlar. Külək bəzən kiçik sürfələri bir yerdən başqa yerə aparmaqla yayılmada iştirak edir.
Adıçəkilən zərəvericinin ekoloji xüsusiyyətləri yüksəkdir: -350 C-dən +430 C-dək temperatura, hətta 30%-dən 90%-dək nisbi rütubət şəraitində yaşaya bilirlər. Çoxalması və onunla sirayətlənmə dərəcəsi digər ekoloji amillərdən də asılı olur. Yandırıcı günəş şüaları öldürücü təsir edir, sayca azalmaya səbəb olur. Zəifləmiş ağaclar sirayətlənməyə həssas olurlar. Azot gübrələrinin artıqlığı, bitkilərin natamam işıqlanması, torpaqda rütubətin azlığı və quru hava yastıcalarla sirayətlənməyə təsir edir.
Zərərvericinin qışlaması yumurta və ilk sürfə mərhələsində, qabıq altında baş verir. Havanın temperaturu soyuq olduqda yumurtalar inkişaf etmir. Nimfaların əksəriyyəti qışladıqda məhv olur, lakin çox az bir qismi sağ qalır və ilk yaz yarpaqları üzərində qidalanır və inkişaf edirlər. Adətən, yetkin dişi fərdlər köhnə ağacın qabığına qayıdıb oraya yumurta qoyurlar. Yumurtalar temperaturdan asılı olaraq 5-10 gün içində inkişaf edərək ilk sürfə mərhələsinə çatırlar. İlk nəslin dişi fərdlərinin cinsi yetişkənliyə çatması 6-9 həftə çəkir, lakin yüksək temperaturda bu mərhələ 22 günə tamamlanır.
Zərərverici yeni ərazilərə daxil olduqdan sonra qısa müddət ərzində daha çox əkin sahələrini sirayətləndirir, bütöv ağacların və plantasiyaların məhv olmasına səbəb olur. Gövdə, budaq, meyvə, saplaq və yarpaqların şirəsini intensiv sorulması nəticəsində ağaclar və kollar tədricən zəifləyir və məhv olurlar. Sirayətlənmiş tinglər 2-3 ildən sonra quruyurlar. Bəzən meyvələrin 80-90% zədələnir və deformasiya olunur, məhsuldarlıq aşağı düşür. Yastıca ilə sirayətlənmiş bitki və meyvələrin idxal və ixracına yol verilmir.
Zərəvericilərin qarşısını almaq məqsədilə sirayətlənmiş əkin materiallarının bazarlarda satılması, fermer təsərrüfatlarında, həyətyanı sahələrdə əkilməsi və calaq edilməsi qadağandır. Zərərverici yayılmış rayonlarda qocalmış və qurumuş ağaclar kökündən çıxarılıb yandırılmalı, nisbətən cavan və bar verən ağaclardan isə qurumuş budaqlar aqrotexniki qaydada kəsilib dərhal məhv olunmalıdır.
Unlu yastıcalar təhlükəli zərərverici olduğu üçün onunla mübarizə həmişə çətin və uzunmüddətli olur. Buna görə də onlara qarşı aşağıdakı mübarizə tədbirləri kompleksi həyata keçirilir:
- Unlu yastıcanın qışlamaqda olan birinci yaşlı sürfələrini məhv etmək məqsədi ilə ağacların nisbi sükunəti dövründə, yəni payız və qış aylarında gövdə və budaqlar üzərindəki ölmüş qabıqlar metal fırçalar ilə təmizlənib yandırılmalıdır.
- İlk vegetasiya dövründən başlayaraq, bütün il boyu gövdələr, kök boğazları üzərində inkişaf edən zoğlar və cərgə aralarında əmələ gələn pöhrələr kəsilib məhv edilməlidir.
- Vegetasiya dövründə bağlarda ağacların gövdə və iri budaqlarına eni 10-15 sm olan möhkəm kağızdan hazırlanmış tutucu qurşaqlar bağlanmalıdır. Bu qurşaqlar yoxlanılmalı, oraya toplanmış yastıcalar mexaniki yolla məhv edilməlidir. Qurşaqlar may, iyun, iyul aylarında ayda bir dəfə avqust, sentyabr və oktyabr aylarında isə hər 10 gündən bir (ayda 3 dəfə) yoxlanılmalıdır. Erkən yazda tumurcuqlar açılana qədər qışlayan sürfələri məhv etmək məqsədilə mineral yağların emulsiyası ilə meyvə ağacları çilənməlidir.
- Zərərvericiyə qarşı mübarizədə onun təbii düşmənlərindən entomofaqlardan (Aphytis aonidia A.melinus Debach, A.mytilaspidis Le Baron, A.proclia Walker, Aspidiotiphagus citrinus, Anchenamus sp., Encarsia perniciosi, Prospaltella fasciata Malenotti) istifadə etmək məqsədə uyğundur. Bu entomofaqlar (cücüyeyən orqanizmlər) vasitəsilə kütləvi surətdə çoxalan bağlarda yastıcaya qarşı kimyəvi mübarizə tədbirləri dayandırılmalıdır.
- Vegetasiya müddətində zərərvericiyə qarşı Avantaj (karbosulfan) (1,5 l/ha), Siperikor (sipermetrin) (1,0 l/ha), Dentis (deltametin) (0,2l/ha), Desis (deltametin) (05,l/ha). Bi -58(dimetoat 1 - 2,5 l/ha), Aqrosan (tiometoksam) və yastıcalara qarşı digər insektisidlərdən istifadə olunmaqla kimyəvi mübarizə aparılmalıdır.
Bu tədbirlərin həyata keçirilməsi zərərvericinin 90%-nin məhv edilməsini təmin edir.