Son günlər prezidentin sərəncamı ilə bir neçə icra başçısı vəzifəsindən çıxarılıb. Onlardan ikisi - Ağdam rayon icra başçısı Raqub Məmmədov və Tovuz rayon icra başçısı Tofiq Zeynalov sosial şəbəkələrdə geniş müzakirə olunub.

Unikal.org-un  qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, buna səbəb hər iki vəzifəli şəxsin milyonluq məhkəmə işlərində adının hallanmasıdır.

Belə ki, "Azərbaycan Dəmir Yolları QSC-nin sabiq sədri, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işində Qoşqar Zeynalov zərərçəkmiş kimi tanınıb. Q.Zeynalov artıq vəzifədə olmayan Tofiq Zeynalovun oğludur.

Q.Zeynalov məhkəmədə ifadəsi zamanı R.Hüseynovla qohum olduqlarını deyib: "Rahib bir gün mənə iş qurmağı təklif etdi. ahib "Mənə dedi ki, "Dəmir Yollarına yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul istədi. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm. Sonra bir hissəsini qaytardı. Hazırda mənə vurulan ziyan 3 milyon 925 min manat təşkil edir".

R. Hüseynov isə deyib ki, Q.Zeynalova gələn gəlirdən 3 milyon 200 min manat pul verib.

Ağdamın eks-başçısı Raqub Məmmədovu isə zərərçəkmişlər ifadələri zamanı cinayətdə ittiham edib. Belə ki, keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor Fətişoğlunun dələduzluqda ittiham edildiyi məhkəmə işində ifadə verən şəxslər R.Məmmədovun da dindirilməsini tələb ediblər.

Zərərçəkmiş Eldəniz Nurəddinov deyib ki, qardaşı oğlunu həbsdən azad etdirməsi üçün T.İbrahimova 10 min 700 manat verib:

"Teylorun Ağdamın icra başçısı Raqub Məmmədovla yaxın münasibətləri var idi.

Digər zərərçəkən İsmayıl Məmmədov isə işin içində icra başçısı R.Məmmədovun da olduğunu deyib: "Mən icra nümayəndəsinin müavini təyin olunmaq üçün Teylora 5 min manat verdim. Dəfələrlə başçının qəbulunda oldum, mənə "sən öl vurub dedi ki, Teylor işi həll edəcək. Raqub Məmmədov deyirdi ki, məni müavin yox, elə nümayəndə qoyacaq.
Raqub Məmmədov bu iş üzrə istintaqa da cəlb olunub və ifadəsi alınıb.

O bildirib ki, T.Fətişoğlu onun adından istifadə edərək bəzi şəxslərdən pul alaraq onları rayonda vəzifəyə təyin etdirəcəyini vəd edib: "Teylor mənim adımdan İsmayıl Məmmədovdan pul alıb onu icra nümayəndəsi, Rafil Hətəmovdan isə 35 min manat alaraq Su-kanal İdarəsinə rəis təyin etdirəcəyini deyib. O vaxtdan da Teylorla münasibətlərim pisləşdi, onun haqda rayon prokurorluğuna məlumat verdim.