Alanya Qəzetçilər Cəmiyyətinin (AQC) dostu olan Azərbaycan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və təşkilatın üzvlərindən ibarət jurnalistlər heyəti bu gün Alanyada olacaqlar.

Unikal.org xəbər verir ki, AQC idarə heyətinin üzvləri tərəfindən Gazipaşa-Alanya havalimanında qarşılanan azərbaycanlı jurnalistlər onlar üçün hazırlanan gəzinti proqramı çərçivəsində Alanyanın tarixi və turistik yerlərini gəzəcəklər.

12 iyunda azərbaycanlı jurnalistlər Alanya Ticarət və Sənaye Palatasının sədri Mehmet Şahin və Alanya Bələdiyyə başçısı Adəm Murat Yüceli ziyarət edəcək, o cümlədən AQC-nin idarə heyətinin toplantısında iştirak edəcəklər. Azərbaycanlı jurnalistlər eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı təqdimat keçirəcəklər.

Alanyanın qonşusu Manavgatı da ziyarət edəcək olan qonaqlar, "Banana Beach Oteldə təşkil ediləcək axşam yeməyində Alanyada yaşayan azərbaycanlılarla bir araya gələcəklər. Qonaqlar 14 iyunda şəhərdən ayrılacaqlar.