Oruc - nəfslə mübarizə aparmaqdır. Təsadüfi deyil ki, Peyğəmbər Əgəndimiz (s.ə.v.) nəfslə mübarizəni "böyük cihad" adlandırıb. İçimizdə gəzdirdiyimiz bu düşmənin ən çox qorxduğu silah isə məhz orucdur. Nəfs əbədi səadətə qovuşmaq yolunda insan oğlunun qarşısına çıxan ən böyük əngəllərdəndir.
Oruc - Allahu-Taalanın (c.c.) bəxş etdiyi sonsuz nemətləri əbədi mükafata çevirmək üçün əvəzedilməz fürsətdir. Buna fani nemətlərdan Allahın əmr etdiyi vaxta - iftara qədər imtina etməklə nail olmaq mümkündür. Həmin müddətdə yemədiyimiz yeməklərin, uzaq durduğumuz günahların mükafatı olaraq Allah (c.c.) savabını bilavasitə verəcəyinə vəd verir.
Oruc - səbir və iradə qəhrəmanlarının zəfəridir.
Unikal.org yeniavaz.az-a istinadən bildirir ki, ilboyu dünyəvi işlərə başı qarışan insanlar qarşılaşdıqları problemlərin həllində, bir çox hallarda, səbirsiz davranırlar. Allah (c.c.) nəfs və şeytana, eləcə də fəlakətlərə qarşı mübarizə aparmaq üçün insana iradə gücünü verib. Oruc isə bu gücü, sanki məşq etdirərək daim aktiv vəziyyətə gətirir.
Oruc insanlara qənaətli həyat tərzini öyrədir. Bir ay az vaxt deyil. Bu vaxt ərzində öyrəşdiyimiz həyat tərzini bütün ömrümüzə tətbiq edə bilərik. Zatən hər il təkrarlanan Ramazan-i Şərif bizə kömək edir.
Toxluq nəfsin arzularını təhrik edir. Aclıq isə (ifrat dərəcədə olmamaq şərti ilə) insanda təfəkkür qabiliyyətini gücləndirir. Təsadüfi deyil ki, ruhi xəstələrə tətbiq edilən ilk müalicə üsulu pəhrizdir. Bununla belə oruc bir ibadət olduğu üçün müalicə niyyəti ilə tutulmamalıdır. Əgər onun faydaları məqsəd halına gətirilsə, o, ibadət sayılmaz. Yəni orucumuzu mədə xəstəliklərdən qurtulmaq, arıqlamaq niyyəti ilə tutmamalıyıq.
Ramazan-i Şərif müsəlmanların fəzilətini və əxlaqını artırmaları üçün ilahi mərhəmətlə dolub daşan rəhmət mövsümüdür. Oruclu ikən yalnız yeyib-içməkdən uzaqlaşmaq deyil, eyni zamanda dedi-qodudan, qiybətdən, insanları incitməkdən də qaçmalıyıq.