Bu gün Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Bu kəmər vasitəsilə Azərbaycan təbii qazı Türkiyəyə, oradan da Avropaya nəql olunacaq.
Unikal.org xəbər verir ki, bu münasibətlə Türkiyənin Əskişəhər bölgəsində təntənəli mərasim təşkil ediləcək.
Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan qlobal layihələrdən - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP-ın da istifadəyə verilməsi bölgənin taleyini dəyişdirəcək əhəmiyyətli hadisə adlandırılır.
Cənub Qaz Dəhlizinin önəmli bir hissəsini təşkil edən TANAP-ın çəkilməsi ilə bağlı müqavilə 2012-ci ildə imzalanıb. Qaz boru kəmərinin təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə qoyulub.
Təməlqoyma mərasimində TANAP-ın əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Bizim bu günə qədər Türkiyə və Gürcüstan ilə bərabər təşəbbüs kimi irəli sürdüyümüz bütün layihələr uğurla nəticələndi - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum. Bakı-Tbilisi-Qars da uğurla nəticələnir. Ona görə də məndə heç bir şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi və onun önəmli hissəsi olan TANAP da uğurla nəticələnəcək. Bu, şaxələndirmə layihəsidir. Avropaya və Türkiyəyə yeni mənbədən böyük həcmdə əlavə qaz nəql ediləcəkdir. Hazırda Avropa üçün yeganə mövcud olan yeni qaz mənbəyi "Şahdəniz qazıdır, Azərbaycan qazıdır.
Qeyd edək ki, ilkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2 yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş.yə (STEAŞ), 30 faizi "Botaşa, 12 faizi isə BP şirkətinə məxsusdur.