Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkələrdə rəhbərlik etdiyi quruma irad bildirən vətəndaşın sualını cavablayıb.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Günel Aşirova adlı istifadəçi Dövlət Miqrasiya Xidmətini və rəhbərini tənqid edərək status yazmışdı.
O, Azərbaycanda DYİ (Daimi Yaşama İzni) kartını yeniləmək istərkən problemlə üzləşdiyini bildirib:
"Ey Harvard məzunu cənab rəis, may ayındakı 4cə saatlıq görüş günündə neçə əcnəbi qəbul etdiniz?
Azərbaycanda DYİ (Daimi Yaşama İzni) kartımın vaxtı bitir deyə yenidən uzatmaya müraciət etməliyəm. Adı DYİ olsa da 5 illik müddəti var. İlkin müraciət və uzatma üçün eyni prosedurdu. Mənim üçün heç bir güzəşt yoxdu.
Sayta daxil oldum, boşluqlar və səhvlərlə dolu. 5 ildə bircə növbə promlemini tənzimləyiblər. Əvvəl səhər 10:00-da gedib növbədə 194-cü adam olurdum. İndi online növbə götürə bilirsən.
Saytda yazıldığına görə bizim Azərbaycan haqqındakı dil, hüquq və tarixi biliyimiz müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır.
Yazılan məktubu ciddiyə almırlar deyə Xidmət rəisinin qəbuluna düşməyi düşünürdüm. Rəsmi saytlarında yazılana görə qəbul hər ayın sonuncu həftəsinin şənbə günü saat 9-13:00 arasıymış.
Hər 2 müavinin də ayda 1 dəfə, 4 saatlıq, 3-cü müavininsə saat 14:00da cəmi 1 nəfərlik qəbul günü varıymış. Qəbullarına da 1 gün öncədən yazılmaq olurmuş. Reallıqda isə görüşə yazılmaq, görüşmək real deyil".
Daha sonra Vüsal Hüseynov statusa özü şərh yazıb:
"Qeydləriniz üçün Təşəkkürlər! Vətəndaş qəbulu ilə bağlı 2 dəfə qəbul keçirmişəm, 28 aprel və 29 may tarixlərdə, birincidə 73, ikincidə 92 vətəndaş qəbul etmişik. 4 may tarixdə qəbul olmayıb. Qeyd etdiyiniz digər məqamlarla bağlı bu gün sizinlə əlaqə saxlayacaqlar".