Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, zərərçəkənin hüquqi varisi Sevinc Babayeva məhkəmədə iştirak etmir. Daha sonra prokuror Fəhmin Hümmətov ittiham aktının elan edib.

İttihama münasibət bildirən Seyidmalik Məmmədov özünü təqsirli bilib.

Məhkəmədə sərbəst ifadə verən 60 yaşlı kişi bildirib ki, istintaqda nə yazılıbsa düzdür: "Qızı başqası ilə tutdum və öldürdüm. Cinayəti namus üstündə törətmişəm".

İfadəsini davam etdirən Seyidmalik Məmmədov qeyd edib ki, qonşusu Təhmasib onlara qonaq gəlib: "Dedi ki, atasından nigardır. Atası yaşlı kişidir, bizdə idi. Oturub kinoya baxacaqdıq. Təhmasib dedi ki, atası otursun, özü gedir. Mən də evə keçdim. Sonra ürəyimə nə isə damdı. Pəncərədən çölə baxdım. Gördüm hamamın qapısı açıldı. Sonda nəvəm gəldi ki, anamı çağırıram gəlmir. Düşdüm həyətə və gəlinə dedim uşaq səni istəyir. Dedim evə qalx, soyuq olar. Gördüm gəlin də məni evə aparmaq istəyir. Getmədim, qayıtdım hamama. Qapısını açmaq istədim, amma açılmadı. Güclə-bəla ilə açdım. Gördüm Təhmasib hamamdadır. Gərək onu ordaca öldürərdim".

Təqsirləndirilən şəxs bildirib ki, Təhmasibdən özünü öldürməyinə ya da Bakıdan çıxıb getməsini tələb edib: "Ona dedim ki, heç kim bilməsin, biabır olma, çıx get, ya da əlini toka vurub özünü öldür. Bu daha şərəfli ölümdür. O bunları eləmədi. Həm də gəlini öldürməyə qərar vermişdim. 1 ay bu dərdi özümdə saxladım. Heç kimə heç nə deməmişdim. Fikirləşirdim ki, onu tək tutub öldürüm. Təhmasib özü də Zaqatalaya qaçmışdı. Axırda gəlini tək tutdum, öldürdüm, namusumu təmizlədim".

Təqsirləndirilən şəxs onu da qeyd edib ki, gəlinə şans verib: "O sözümə qulaq asmadı, çıxıb getmədi. Belə baxanda getməyə də yerin yox idi. Gəlinin xətrini çox istəyirdim. Bütün nəsil- nəcabət qızın xətrini istəyirdi. İndi mənə nə qədər cəza verirsiniz, verin. Qorxmuram, belə baxanda peşman da deyiləm. Çünki uşaqlarım, nəvələrim var. O qadına görə heç vaxt utanmamalıdırlar. Artıq 60 yaşım var. Bir ayağım o yandadır. Nə olacaqsa olsun. Seyidəm, namaz qılıram. Şəriət də var ki, belə halda öldürmək olar".

Prosesdə öldürülən Ayselin həyat yoldaşı, təqsirləndirilən oğlu Seyidyəhya Məmmədov dindirilib: "Əmim zəng elədi ki, atam naxoşdur. İşdə idim, tez gəldim, evə çatanda xəbər tutdum ki, qətl törədilib. Arvadıma çox inanırdım. Belə şey edəcəyinə güman etmirdim. Təhmasib də tez-tez bizə gəlirdi. Üzbəüz qonşumuz idi. Atamın yanına gəlib gedirdi".

Proses iyunun 20-də davam edəcək.

Qeyd edək ki, qətl ötən il Sabunçu rayonunda baş verib.

1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu gəlini Aysel Məmmədovanı qətlə yetirib. Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub.

S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.

Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.